Federiko Fellini necə rejissor oldu?

Federiko Fellini necə rejissor oldu?


Federiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib.

O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atırdı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır.

Dünya kinosu tarixində Federiko Fellini kimi adlı-sanlı, eyni zamanda mürəkkəb və təzadlı rejissor o qədər də çox deyil. Kino aləminə qədəm qoyana qədər o, yetərincə maraqlı həyat təcrübəsi toplayıb və sonralar həyatının bir çox epizodlarını öz filmlərində canlandırıb. Həyat təcrübəsi kinoda öz mövzusunu tapmaqda ona kömək edib. O, yaxşı tanıdığı və hiss etdiyi bir həyatı çəkirdi. Halbuki kinoya tamamilə təsadüfən gəlib. Bir vaxtlar kinonun onun həyatının işi olacağını isə heç ağlının ucundan keçirməyib. Axı o, cavanlıqda karikatura çəkməklə, habelə komikslərə mətnlər yazmaqla pul qazanırdı.

Maraqlarının belə pərakəndə olmasına baxmayaraq, Fellini şöhrətpərəst idi və “paytaxtı fəth etməyi” arzulayırdı. O, Romaya gəlir, burada bir neçə dəfə peşəsini dəyişir: müəyyən müddət jurnalist, sığorta agenti işləyir, karikaturalar çəkir, lakin aktyor Aldo Fabritsi ilə tanışlığı onun üçün əlamətdar hadisəyə çevrilir, çünki onun vasitəsilə teatr aləmi ilə tanış olur. Eyni zamanda o, radiotamaşalar üçün ssenarilər yazmağa başlayır.

F.Fellini kinoda əvvəlcə ssenarist kimi işləməyə başlayır. Bu, 1940-cı ildə baş verir. Hazırcavablılığı ilə seçilən, məzəli əhvalatlar quraşdırmaqda mahir olan F. Fellini məşhur komik Makarionun iştirakı ilə üç kinokomediya üçün ssenari yazır. O, bir neçə il komediya və melodramlar üçün kinossenarilər yazmağa davam edir, sevimli işini — karikatura çəkməyi də unutmur.

1945-ci ildə rejissor Roberto Rosselini və dostu Fabritsi ilə birlikdə yeni bir ssenari üzərində işləməyə başlayır. Bu ssenari əsasında çəkilən “Roma açıq şəhərdir” filmi İtaliya kinosunda yeni istiqamətin – neorealizmin manifestinə çevrilir.

Həmin vaxtdan etibarən F.Fellini tanınmış rejissorlarla əməkdaşlıq etməyə başlayır. O, R.Rosselini ilə birlikdə daha bir neçə film çəkir. Özünün dediyinə görə, kinoya vurulur və başa düşür ki, kino onun həyatıdır.

F.Fellininin ssenarilərinə başqa rejissorlar da müraciət edirlər.
Onun rejissor kimi debütü isə 1950-ci ildə çəkdiyi “Varyete işıqları” filmidir. Amma film elə bir uğur qazanmır. Odur ki, F.Fellini yenə də ssenari yazmağa başlayır.

Onun ikinci filmi isə bir təsadüfün nəticəsidir. F.Fellini sənədli filmlər çəkən tanınmış rejissor Mikelancelo Antonioninin sifarişi ilə ssenari yazır. Ssenari Antonioninin xoşuna gəlmir. Onda Fellini özü həmin ssenari əsasında film çəkmək qərarına alır. “Ağ şeyx” adı ilə ekranlara çıxan bu filmdə rollardan birini məşhur komik Alberto Sordi oynayır.

F.Fellininin növbəti “Ana uşaqları” filmi 1953-cü ildə Venesiya Kinofestivalında “Gümüş şir” mükafatına layiq görülür. Bu mükafat rejissorun özünə inam hissini artırır.

Amma F.Felliniyə dünya şöhrətini 1954-cü ildə çəkdiyi “Yol” filmi gətirir. Bu film Beynəlxalq Venesiya Kinofestivalının mükafatı ilə yanaşı, “Oskar” mükafatına da layiq görülür.


Federiko Fellini necə rejissor oldu?


Filmdə məzəli və həssas kloun qadın Celsomina rolunu oynayan aktrisa Cülyetta Mazina sonralar rejissorun arvadı olur və onun bir çox filmlərində çəkilir. Aktrisa dünya şöhrətli ərinin vəfatından sonra cəmi bir il yaşayır. Onun ürəyi sevdiyi adamın ayrılığına davam gətirə bilmir.

“Yol” filmi təsəvvürəgəlməz amansızlıq, məşəqqətli həyat, fərqli dünyaların adamları olan, amma taleyin hökmü ilə həyat deyilən qayıqda bir yerdə üzmək məcburiyyətində qalan kişi və qadın – bir az dəlisov, bir az saf, pırtlaşıq saçlı, yöndəmsiz və eyni zamanda çox incə Celsomina ilə qaraqabaq, yekəpər, qaba və azğın Campo haqqında hekayətdir.

Fellini “Yol” filminin mövzusunu “Fırıldaqçılar” (1955) və “Kabiriyanın gecələri” (1957, “Oskar” mükafatı) filmlərində davam etdirib. Xeyirlə şərin çarpışdığı kəskin sosial xarakterli münaqişə mövzusu tədricən onun başlıca mövzusuna çevrilir. Rejissor ideyalarını canlandırmaq üçün məharətlə iri plandan istifadə edir: Cülyetta Mazinanın ifasında Kabiriyanın məşhur vida təbəssümünü bütün dünya xatırlayır.

Onun, demək olar, bütün filmlərinin böyük uğur qazanmasına baxmayaraq, rejissor yeni filmlər çəkmək üçün pul tapmaqda həmişə çətinlik çəkib. Məsələn, “Kabiriyanın gecələri” filmindən 11 prodüser, “Şirin həyat” filmindən 7 prodüser imtina edib. İmkanlı adamlar etiraf etmək istəmirdilər ki, onların doğma Romasında əxlaqsızlıq baş alıb gedir.

“Şirin həyat” bəzilərində heyranlıq, bəzilərində etiraz hissləri doğurur. Onun müzakirələri qəzet-jurnal səhifələrindən parlamentə keçir. Deputatlar senzuranın işə qarışmasını, filmdəki bütün çirkabın kəsilib-götürülməsini tələb edirlər. Təkcə filmin məzmunu deyil, rejissorun yaradıcılıq metodu da tənqid hədəfinə tuş gəlir. Filmi qəliz cəfəngiyat sayırlar. F.Fellininin metodu həqiqətən mürəkkəb idi, ancaq nə qədər qəribə olsa da, bu filmləri həm sadə tamaşaçılar, həm də intellektual insanlar yaxşı başa düşür və qəbul edirdilər.

Yeri gəlmişkən, “paparassi” anlayışı ötən əsrin 60-cı illərində Federiko Fellini sayəsində yaranıb. Paparattso adlı fotoreportyor rejissorun “Şirin həyat” filminin qəhrəmanıdır. Paparattsonun real prototipi italiyalı fotoqraf Tasio Sekkiaroli olub. T.Sekkiaroli ilk dəfə belə bir fakta diqqət yetirib ki, redaktorlar məşhurların qəfildən çəkilən fotoşəkillərinə görə daha çox pul ödəyirlər.

F.Fellininin bir sıra mükafatlara, o cümlədən Beynəlxalq Moskva Kinofestivalının Böyük mükafatına, habelə “Oskar” mükafatına layiq görülmüş “8 1/2” (1963) filmi də rejissorun yaradıcılıq fəaliyyətində yeni mərhələ açıb. Burada rejissor avtobioqrafiq formada filmlərin necə çəkilməsindən danışıb. Məşhur aktyor Marçello Mastroyanninin oyunu filmin uğur qazanmasına böyük töhfə verib.



F.Fellini başqa müəlliflərin ssenarilərinə də müraciət edib. Məsələn, 1976-cı ildə o, özünəməxsus incə yumorla böyük avantürist haqqında “«Federiko Fellininin Kazanovası” filmini yaradıb. F.Fellini fransız rejissorlar R.Vadim və L.Mol ilə birlikdə Edqar Ponun əsərlərinin motivləri əsasında “Sayıqlama içində üç addım” filminin çəkilişlərində iştirak edib.

Federiko Fellini bir neçə mövzunu bütün yaradıcılıq həyatı boyu inkişaf etdirib. Bu mövzuların bəziləri öz bitkin formasını ”Klounlar” (1970), “Roma” (1972), habelə “Oskar” mükafatına layiq görülmüş “Amarkord” (1974) kimi filmlərdə alıb. Bunlar xeyirlə şərin mübarizəsi, amansızlığın və ədalətsizliyin inkarı, xeyirxahlıq və gözəllik idealları kimi həyatın özü qədər əzəli olan mövzulardır.

Federiko Fellini 1993-cü il oktyabrın 31-də Roma şəhərində vəfat edib. O, maraqlı yaradıcılıq ömrü yaşayıb və filmlərini gələcək nəsillərə yadigar olaraq qoyub gedib.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ +1 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə