“Qara” (Vantablack) Hekayə

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Duman. Oralarda duman var. Dolmuş, hər kəsdən küskün, bitkin , yaralarının üstü qabıq bağlamamış, qanayan, sızlayan göy üzünün göz yaşlarının tökə bilmədiyi, sanki daxilində sıxıb boğaraq saxladığı, birüzə vermədiyi damlaları yer üzünə yavaş-yavaş enərək, hər bir budağı, kolu, ağacı bürüyərək kədərə qapılmışdı. “Mənim qoynumda daşlar var” deyərək dağların ətəyindən enib, birilərini, bir şeyləri unutmağı bacarmayıb, tükürpədici səssizliyi ilə xatırladan duman var buralarda. Sanki özü ilə aparacaqmış kimi hər yanı bürüyərək, əbədiləşdirməyə çalışırdı duman. Bu torpaqlarda daha gül açmaz. Sonadək solmayan, yenicə gül açmış, hələ budaqlarını təzə-təzə göy üzünə uzadan güllərin köklərinə əzab verilərək məhv edilmişdi. Mən qarı çox sevirəm. Çox. Ayaqlarımı sevinərək basdığım, üzərində körpə uşaq kimi uzandığım bəyaz qar bu torpaqların güllərinə kəfən oldu.
Taqətsiz yenilən bədənimin dərisinə toxunan qar dənəcikləri onu hərəkətə gətirməyə çalışaraq sanki hər düşən dənəcik pıçıltı ilə “Getməyin zamanı deyil” deyirdi. Mənim tək qoynumda deyil, bədənimin bütün sümüklərinin üzərində daşlar var. Mən daha tərpənə bilməyəcəm. Bir millimetr məsafəni qət etməyi bacarmayan molekullarım “məhv olmaq” əmrini məndən öncə icra etmiş kimi “constant”-aya keçmişdilər. Pianoda bir oktavdan digərinə kiçik barmaqlarını güclə uzadan səkkiz yaşlı qizcığazın çabasına bənzəyən bir səhnəciyin daxilində idim. Sanki digər oktavaya barmağı çatmamış kimi mənim də ruhum yerlə göy arasında qalmış, barmaq tək göy üzündən yerə uzanıb enə bilmirdi. Bircə damcı güc sərf edərək geriyə dönməyin həm rahatlıq, həm əzabını yaşayan vəziyyətlə qarşı qarşıya qalmış, sanki “Axı ölməyi istəyirdin?” sualını vermiş mələklərə inad edib, irad tutaraq geri dönməyi arzulayırdım. Uğrunda yaşayacağınız birisi varsa mütləq geri dönməlisiniz.
“Aç...gözlərini aç...”əmrini bədənimə verən beyin hüceyrələrim nəhayət ki onu hərəkətə gətirməyi bacarmışdı. Dünyadakı heç bir güc ruhun bədənə geri dönməsi üçün sərf edilən çaba qədər böyük deyildir. Ani olaraq açılan göz qapaqlarımın ilk gördüyü bəyaz qarın işıltısı ağrı vermiş, gözlərimi artıq düşən şüalanmadan kor edəcək dərəcəyə malik idi. Buz bağlamış dodaqlarımı qorxu ilə açaraq qurumuş damağım və boğazıma havanın nəmliyini doldurmaq istəyirdim. Sol əlimi ehmalliqla tərpədib susuzluğumu aradan qaldırmaq üçün topa şəklində olan qarı yeməyə çalışırdım. Üzümü səmaya doğru çevirərək, havanı ciyərlərimə çəkərək, yanan ruhumun külə dönən bədəninin ağrısından, hiss etdiyim dərin, sonu olmayan boşluğun əzabından qoynumdan çıxan şiddətli səslərlə qışqırmağa başlamışdım. Siz ölümün nə olduğunu bilirsiniz? Ruhunuz sanki hörülmüş bir əşya kimi iplərinin səmaya dartıldıqca verdiyi əzab səslərini eşitmisiniz? O ipləri tək-tək hörüb özünüzü geri qaytarmağı sınamısınız? Ölüm nədir, ana? Niyə mən torpağa qarışıb sənin qoynunda ola bilmədim? Niyə su dənəcikləri olub dumana çevrilərək buraları bürüyə bilmədim? Niyə külək tək sürrətli olub bacımın arxasınca qaça bilmədim? Niyə odlu zərbələrimlə sizə dəyən əlləri yandıra bilmədim? Enən damlalara, dənəciklərə hakim olan göy üzünün sahibkarını görmürəm. Niyə o məni sənin təsvir etdiyin cənnətinə aparmaq istəmədi?
Aclıqdan yanğın edən mədəmi doldurmaq üçün əlimin altına düşən hər yarpağı, hər kolu, hər ağac budağını vəhşi heyvan kimi yolaraq yeyir, həyatdan qopmamaq üçün gözlərimi bağlamağa qorxurdum. Nə qədər güc sərf etdiyimə baxmayaraq cığız bədənim əmrlərimə tabe olmadan yenik düşmüşdü. Ruhumun iplərini geri qaytarmağı bacarmayaraq gözlərimi bağlamışdım.
2. .............................................
.............................................
......................
Sağ-sol, sağ-sol, sağ-sol...El barmaqlarım sıra ilə buz bağlamış yerə dəyərək sürtülür, sinxron hərəkət yaratmış kimi aşağı enən saçlarıma toxunurdu. Onurğamın soyuqdan buz kəsməsinə baxmayaraq, qarın nahiyəmin istiliyini hiss edirdim. Huşsuzluqdan heç nəyi dərk etməyən beynim nəyinsə üzərində hərəkət etdiyimi anlatmağa çalışır, oyanmağa milyonuncu cəhdini edirdi. Horizontal sallanmış bədənim müqavimətsiz olaraq məni daşıyan istiliyin üzərində tərpənmədən irəliləyirdi. Daxilimdəki qorxunun, gücsüzlüyün qalib gəldiyi anın içində boğulurdum. Harada idim, nəyin üzərində idim, haraya götürülürdüm...
Ara-sıra üzümə dəyən yumşaq xəz rahatlıq hissi bəxş edir, saatlarla hərəkətsiz qalan ayaqlarımın ağırlığı dözümsüzlük yaradır, sanki yerindən qopacaqmış kimi bədənimdən ayrılmaq istəyirdilər. Başımı söykədiyim xəzin altından ürək döyüntüsünün səsləri gəlirdi. Yarıqapalı gözlərimın gördüyü bəyaz qar və üzərində yeriyən bulanıq qəhvəyi rəngli iri pəncələr idi. Atdığı addımlar və üzərində daşıdığı yükün çəkisindən ağır-ağır nəfəs alaraq naməlum istiqamətdə yeriyirdi. İnsanların məhv edib, heyvanların xilas etdiyi bir dünyanın sakini idim.
3. .............................................
.............................................
...........................
Ağdam, 1992-ci il.
Mən bilmirəm haradayam. Döyünən ürəyim və çalışan beynimə tabe olmayan bədən hissələrimin yaratdığı ağrılar keyləşmiş, başqa bir dünyaya düşmüş lakin hələ də bura ilə bağlılığı qalmış kimi idim.
- İyirmi dəqiqədir ki, it qapımızda hürür, açım görək nə olub.
Qarışıq yuxulara qərq olmuş, indiki zamanla əlaqəsini itirmiş beynimin bir hissəsinə qəribə səs siqnalları ötürülürdü. Baş ucumda dayanmadan hürən itin səsindən savayı sanki bir danışıq səsləri də eşidirdim.
- Bu nədir?
Səsləri tam aydınlaşdıra bilmir, danışıqlarla qarışıq röyalarımdan heç cürə çıxmayan anamın sözlərini duyurdum. Biriləri məni çökdüyüm yerdən qaldıraraq harasa aparır, yumşaq bir şeylərin üzərinə qoymuşdu. Tünlük danışıqlardan heç nə anlamır, bir neçə dəqiqəlik bədənimə hopmuş rahatlığın həzzini çıxarmaqda idim. Onlara baxa bilmirdim. Daxilən çabalayan ruhumun sözünə bədənim heç baxmaq niyyətində deyildi. Getdikcə səslər qarışaraq uzaqlaşır, qulaqlarımdakı cingilti səssizliklə əvəz olunmuş, yuxulara qərq olmuşdum.
4. .............................................
.............................................
...................................
- İyirmi gün qipsdə qalmalıdır.
- Görünür vəziyyəti ağırdı.
- Buradaki dərman ləvazimatları ilə sağalması qeyri - mümkündür, anlayırsınız?
- Bizim maddi vəziyyətimiz də ağırdı, onun üçün nə edə bilərik ki?
- Daha bir neçə gün burada qalması məsləhətlidir, onu bu halda Bakıya apara bilmərəm, vəziyyətin necə olduğunu bilirsiniz. Sizin belə burada qalmağınız təhlükəlidir.
Aydın eşitdiyim danışıqlardan bir şey anlaya bilməsəm də, təhlükəsizlikdə olduğumu hiss edirdim.
- Xeyir, biz buraları atıb gedə bilmərik! Siz bizə torpağımızı qoyub getməyi necə təklif edə bilərsiniz?!
- Mən sizə sadecə məsləhət görürəm, vəziyyət çox ağırdı.
- Həkim...,- incə bir qadın səsinin titrədiyi telləri duyurdum,- siz harada böyümüsünüz?
- Bakıda.,- baş ucumdan gələn kişi səsi əminliklə cavab vermişdi.
- Böyüyüb əmək sərf etdiyiniz doğma torpağınızı atıb gedə bilərsiniz?,- qadının sualına cavab olaraq sadecə dərindən nəfəs almışdı,- susursunuz? Onda bizdən də bunu istəməyin. Biz yalnız bu torpaqlarla birlikdə getmək istəyirik. Sizin isə yolunuz açıq olsun, qızı da götürün və buraları tərk edin,- səsində sərtlik, kin və nifrət vardı.
- Buralar bizim də torpaqlarımızdı...
- Xeyir! Sizin də olsaydı bu cür təklif irəli sürməzdiniz!
Kişidən heç bir cavab gəlməmişdi. Onların üzünə baxmaq üçün bütün gücümü toplayıb gözlərimi açmağa çalışırdım, lakin en çox edə biləcəyim sadecə bir saniyəlik əlimi tərpətməyim idi.
Gecənin gündüzə qarışıb, kabuslarımı gətirən röyaların lənətindən qurtula bilməyən bədənimin hüceyrələri darmadağın şəkildə idi. Mən kabusları ömrümün sonunadək görməyə məhkum edilmişdim. Tərpənə bilməyən bədənim kabuslara yenilmiş,dəfələrlə o qorxunu çəkirdi. Mənim ruhum kabusla boğulurdu.
5. .............................................
.............................................
.............................
1959- cu ildə quruluşcu rejissor Rza Təhmasib və ssenari müəllifi Məmmədhüseyn Təhmasibin yaratdığı Azərbaycan filmi “Onu bağışlamaq olarmı”-nın qəmqin musigisini ifa edən Azərbaycan xalq artisti Şövkət Ələkbərovanın sədalarını eşidirdim. “Mən çox gün görmədim, bil ki, dünyada...” ,- qəlbimə ox kimi sarpan sözlərin doğruluğu acı verir, gün sevməyən varlığım, işığı görməyən gözlərim oyanmaq üzrə idi. Üzümə dəyən küləyin soyuğu yanaqlarımı oxşayaraq ipək toxunuşu tək təsürat yaradır, uzandığım çarpayının yanındaki açıq pəncərədən görünən göy üzü və küləyin təsirindən tərpənən budaqlar mənə evimi xatırladırdı. Yaşananların sadecə pis bir yuxu olduğunu, hal-hazırda bu yuxudan oyandığımı sanaraq gülümsəmiş, könlüm istiliklə dolaraq bütün bədənimə yayılmışdı. Doğrudanmı hər şey yuxu idi? Mən bu qədər çox yatmışdım? Duyduğum səslər, hiss etdiyim ağrılar yuxu olmaq üçün çox gerçək idi. Yəgin atam evə tez qayıdıb və həmişəki kimi radiosunun səsini yüksəyə qaldıraraq sevdiyi musigiləri dinləyirdi. Evim üçün çox darıxmışam. İçimə dolmuş rahatlıqla yerimdən tərpənməyə çalışdığımda baş ucumdaki səs mənə “Dur,dur,qalxma!” deyərək saxladığından, anidən qalxmaq istəyərkən ayağımın ağrısını hiss etdiyimdən yaşananların bir yuxu olmadığını, acılı gerçək olduğunu dərk etmişdim. Mənim evimi deyil, ruhumu talan etmişdilər.
6. .............................................
.............................................
..............................
- Steril sarğı dəyişildikdən sonra yazdığım ağrikəsiciləri vurarsınız,- həkim hər bir göz bəbəyimə işıq saldıqdan sonra sınan ayağımın sarğısını dəyişməyə başlamışdı,- necəsən?,- bu sual deyəsən mənə verilmişdi. Onun üzünə necə baxdığımdan xəbərim yox idi. Məndən bir cavab gözləməsinə baxmayaraq, heç bir səs çıxarmayıb , nə dediyini anlamırmış kimi üzünə baxırdım.
- Heç nə danışmır,- yatağın digər tərəfində əyləşən qadın mənim əvəzimə cavab vermişdi.
- Ola bilsin hələ də “şok” vəziyətindədir.
- Gözlərini açdığına şükür...
- Bu təbiidir, bir neçə gün hətta aylarla danışmaya bilər,- o nədən danışır? Təbii olan nədir? Yaşadıqlarım? Mənim çəkdiyimi çəkmədən bu cür soyuqqanlıqla halıma rəy bildirmək normal idi?
- Nə vaxt aparacaqsınız?
- Daha bir neçə gün qalmalıdır, ayağı düzəlməmiş, barmağı bir azca da olsa sağalmamış onu yerindən tərpətmək doğru sayılmaz.
- Neçə günə sağalar?
- Qısa zamana deyə bilmərəm...
- Çox uzun çəkər?
- Siz anlamalısınız ki...
- Siz də anlayın ki, mən tək yaşamıram, mənim də övladlarım var və maddi vəziyyətim də yaxşı deyil,- qadın həkimin sözlərini kəsərək cavab vermişdi.
- Mən sizə kömək edəcəm.,- həkim soyuqqanlığını qoruyurdu.
- Siz bizə mənəvi kömək edə bilmərsiniz.
- Anlayıram...lakin bu vəziyyətdə mən həqiqətən onu heç yerə apara bilmərəm.
- Hər uşağa belə baxsalar nə olar ki!
- Bu sizin də övladınızın başına gələ bilərdi, səbirli və anlayışlı olun, sadecə bir az səbr edin.,- qadın heç nə demədən otağı tərk etmişdi.
7. .............................................
..................................
- Öz dərdim yetmirdi, bircə bu dərd çatmırdı!,- qarşımda əyləşən qadın kobudluqla başımın altındakı yastığı düzəldərək, əlindəki qaşıqla sininin üzərindəki şorbanı qarışdırmağa başlamışdı,-aç ağzını!,- onun əmri ilə ağzımı açıb verdiyi şorbanı yeməyə başlamışdım. Sümüyümün ağrısından çənəmi güclə tərpədərək yeməyə çalışırdım. Birisinə möhtaclığı heç kəsə arzulamazdım. Sanki qanadlarınız sınmış, uçmağa məhkum bir quşun ağırlığı nəhəng qartala çox edirdi,- özün tutmağa çalış!,- zorla əlimə qaşığı verməyə çalışdığında əsas barmağımın olmamasına nəzər yetirərək yenidən qaşığı öz əlinə almışdı. Elə bu anda anladım ki, milliyətindən asılı olmayaraq hər bir güclü şəxsin zəyiflər üzərində hökmranlığı vardır.
Yatağa məhkum, bədənimin ağrısından əziyyət çəkərək günlərimi tək-tək sayırdım. Yatağın qarşısındakı divarda palçıq rəngində, bir ucu qırılmış saat vardı. Məktəbdə keçdiklərimizi təbliğ etmək bu ana yazılıbmış demək ki. Küncdən qopan divar kağızının rəngi bizim evin divar kağızına bənzəyir, aşağısındaki ləkələr gözə çarpırdı. Nəmlik hopan taxta pəncərələrdən sadecə ağacın hündür hissəsi və göy üzü görünürdü. Hər gün təxmini səhər saat 07:43 civarında pəncərəyə bir sərçə qonar və oxumağa başlayırdı. Didərgin düşmüş yuvamdan mənə sorağ gətirdiyini sandığım sərçəyə baxar, heç bir söz deyə bilmirdim. Nitqimi itirmişdim. Anlamadığım səbəblərdən dolayı danışa bilmir, səsimi belə çıxara bilmirdim.
8. .............................................
.............................................
......................
27 gün sonra.
Çarpayının kənarından bərk tuta bilməyib boşalan əllərim gücsüzcə enir, özünə yenicə qayıdan bədənim qalxmağa çalışırdı.
- Tut, tut! əlini ver...hə...bax belə.,- həkim dirsəyimdən yapışaraq arıq bədənimi qaldırmağa çalışırdı,- bir az da qalx...,- lakin qollarım boşalmış çarpayıdan qalxa bilməyərək sızlamağa başlamışdım,- ağlama...alınacaq! birdə!, - yenidən cəhd edərək qollarıma söykənib qalxmağa çalışmış və nəhayət ki otura bilmişdim.
- Durdu-u-u! Durdu-u-u!,- yanımda sevinən kiçik bir oğlan uşağı əl çalaraq anasına baxırdı.
- Hə lap yaxşı,- azca gülümsəyən qadın həkimə baxmışdı,- indi nə vaxt aparırsınız?
- Daha bir həftə qalsın, aparacam.,- qadın gözlərini süzərək dərindən nəfəs almışdı.
- Nəsə bir istəyin var?,- həkim əllərimdən tutaraq mənə sual vermişdi, cavab verməyib başımı “yox” işarəsi olaraq bulamışdım.,- hər gün məşq et, sağalacaqsan.
- Hmm...,- qadın narazı şəkildə həkimə baxırdı.
- Pəncərəni açıq qoymayın, soyuqdəyməsi də hələ keçməyib, qorxuram ciyərlərində və başqa orqanlarında nasazlıq yaranar, günlərlə soyuq üzərində qalıb.
- Baş üstə həkim, yetər ki, tez sağalsın!,- pəncərəni bağlayaraq, qadın otağı tərk etmişdi.
9. .............................................
.............................................
...........................
Artıq qollarımın gücü bədənimi qaldırmağa yetir, rahatlıqla otura bilirdim. Bəlkə də bir aydan çox müddət keçdiyinə baxmayaraq, daxilən hiss etdiyim ağrılar, ayaqlarımın tabe olmaması keçmirdi. Qadının köməyi ilə yerimdən qalxıb oturmuş, ayağa durmağa çalışırdım. Sanki bədənimə aid olmayan ayaqlarımın çəkisi mənə əzab verir, bir dəqiqəlik belə onu qaldıra bilmirdilər. Saniyə hesabında qalxaraq qadının hazırladığı oturacağa atılmışdım. Həkimin köməyi ilə oturacaqla mən hamama bənzər daşla hörülmüş bir yerə götürülmüşdü. Sobanın hərarətindən bu hamam isti, olduqca rahat idi. Soba üzərinə qoyulmuş iri bir qazan içində olan sudan götürərək başımdan aşağı tökdüyündə rahatlığın azca da olsa nə olduğunu anlamışdım. Bir ay idi ki, bədənimə su dəymir, bu narin ruhumun dincəlməyə ehtiyacı vardı.
- Su istidi?,- sualını verərək qadın saçlarımı sabunlamağa başlamış, cavab olaraq başımı “yox” deyə bulamışdım. Arıqlamaqdan bir dəri və sümükdən ibarət olan bədənimə isti su dəydikcə sanki rahatlıq hissi qarışıq, açılan yaralar qanamağa başlayırdı. Bizim oralarda axı bir ev vardı...hamamı eynən bu cür daşlarla hörülmüş, anamın bizi sıra ilə çimizdirdiyi bir ev.
10. .............................................
.............................................
................
- Adın nədir?,- nəm qara saçlarıma enli darağı çəkərək qadın sakit səslə sual vermişdi,- niyə demirsən?,- gözlərimi bağlayıb bir anlıq geriyə dönərək anamın saçlarıma dəyən toxunuşlarını xatırlayır, onun sığal çəkdiyi, saçlarımı yuduğu gül suyunun qoxusunu yadıma salırdım. Bilirsən adım nədir? Adım – Ləman, ya da...Luna. Mənim səkkiz yaşım var. Mənim nə anam var, nə də atam. Mənim evim də yoxdur. Bir canım var və mən “can” nədir indi bildim.
Saat günorta üçü keçmiş və bu yatağa ilk dəfədir ki, buludlardan çıxan gün işığı düşmüşdü. Sol əlimi yuxarıya uzadaraq düşən şüanı sanki tutub dartmaq istəyir, ip kimi dolayıb əlimə sarmağı düşünürdüm. Görəsən gözümüzün görə biləcəyi tək şüa gün işığıdır? Niyə səslərin, fikirlərin ötürdüyü dalğaları görmək qabiliyyətindən məhrumuq? Bəs gələcəyi görə bilmə bacarığına malik olan nadir insanların beyninə hansı şüalar və dalğalar ötürülür? Şüaları özünə çəkib saxlayan, boğan bir maddə yaxud bir rəng varmı?
11. .............................................
.............................................
.................
Gün nömrə otuz altı.
- Qalxa biləcəksən?,- başımı “ hə” deyərək bulayıb dirsı\əyimlə yatağın küncünə söykənərək oturmuşdum,- onu geyindirin, bir saatdan sonra yola düşürük,-deyən həkim yanımda əyləşən qadına müraciət etmişdi, - qızdırmasını mütləq ölçmək lazımdır.
Güclə yeriməyi bacaran ayaqlarıma corabı geyindirib, üzümə gülümsəyərək “Bilirsən səni bura kim gətirdi?” sualını vermişdi. Bilmirdim. Heç nəyin, qurtuluşumun fərqində olmayan beynim işləmir, bəzi məqamları xatırlamırdı. “Gəl, göstərim...” deyərək məni ehmalca yerimdən qaldırmış və enli qapının yanındakı pəncərəyə doğru aparmışdı. Qara bürünmüş ağacın altında kiçik taxtadan bir qutu vardı. Qutunun qabağındakı dairəvi kəsikdən yarıyadək bədəni görünürdü. Bulanıq qəhvəyi rəngli xəzinin tükləri yavaş əsən küləyin təsirindən aşağı-yuxarı hərəkət edir, pəncələri bir birinin üzərinə qoyularaq yatmışdı. “Bax...səni gətirdiyi gündən (müəllif Elyon) bəri bu it qapimizda yatır” deyərək ona işarə etmiş və danışmağa davam etmişdi :“Məndən incimə...sənə nə qədər istəsən baxardım, amma mənim ailəm, övladım var. Atasız övlad böyütmək çox çətindir, mən bunu kimsəyə başa sala bilmərəm”, qadının gözləri dolmuş, bir anlıq fasilədən sonra yenə davam etmişdi: “Mən ona həm ana, həm ata olmuşam...elə bilirsən mən heç nədən qorxmuram? Qorxu ilə qarşı-qarşıya gəlib, qadın gücümlə çətinliklərə müqavimət göstərməyə çalışmışam. Mən bilmirəm sabah nə olacaq. Bizim kimi dinc, heç kəsə zərəri olmayan insanların üzərində təbliğat apararaq, obamızı, yurdumuzu məhv edərək qurmağa çalışdıqları sülh, yaxud dağıtmağa çalışdıqları bir dövlət var. Ağacları kökündən çıxarıb yerinə səhra, sonsuz səhranı suvarıb ağac əkməyə bənzəyir hər şey. Bu can ki, var...yaşamalıdır. Torpaq uğrunda ölməli deyil, onun uğrunda yaşayıb ona can verərək əkib-becərməlidir. Torpağa qan axıtmaq ona bar verməz.” Son dediyi sözləri yaramı qanatmışdı. Ayaq basdığımız hər bir yer bizimdir və biz ətrafı dağıtmaq deyil, qurmalıyıq. Basdığımız hər yerdə güllər açmalıyıq, qan axıtmalı deyil.
“Yanına çıxmaq istəyirsən?” sualına “hə” olaraq işarət edib irəliyə addımlamışdım. Eynən bizim evə bənzər nəmlik qoxusu qarışıq bişmiş xörəyin iyi üzərimə hopan evdə sonuncu günüm idi. Dağılmış, hələ yığılmamış çarpayımın pəncərə önündə olması, əzbərlədiyim saat, hamısı mənə oraları xatırladırdı. Bir daha geriyə dönmək ümidini istəməyimlə qarışıq, bir daha buraları görməmək istəyi üst-üstə düşmüş, qorxularıma yenik düşərək vidamı etmək istəyirdim. Bu torpaqlar mənimdir, bu qar, bu su, bu udduğum hava mənim yuvamın , evimin havasıdır. Mən bir gün mütləq geri dönərək bu torpaqda axıdılan qanı təmizləyib çiçəklər əkəcəm...Könlümdə tapdalanan ləçəklərin göz yaşları ilə onları suvaracam, bağımızı küldən dirilən bir “odlu quş” tək yeniləyəcəm. Bura mənim evimdir. Bura. Mənim. Evimdir.
12. .............................................
.........................................................
Çürüməyə doğru gedən bir enli qapını açaraq hələ yenicə gəlməyə çalışan yaz qoxusunu ciyərlərimə dolduraraq, ətrafa muncuq kimi düzülən, yarpaqları açılmamış, budaqlarında hələ də azca qar qalan ağaclara boylanmışdım. Bir anlıq canımı bürüyən qorxu dolu içimdəki səs “Ya indi gələrlərsə? Ya indi də buradalarsa? Bəlkə hansısa tindən bizi izləyir və öldürmək istəyirlər? Bəs mən bir daha sağ çıxa bilməsəm? Bəs Lamiyəni tapa bilməsəm?” sualları verir, Lamiyənin ölmədiyinə ümid edən qəlbim mənə güc verməyə çalışırdı.
- Gəl...çıxaq...,- qadın qollarımdan tutaraq eyvandan aşağıya endirmək istəyirdi ki, ürəyimi sıxan, nəfəsimi kəsən qorxu daxilimdə tufan yaradaraq addımlarımı geri atmağa vadar etmişdi,- nə oldu? Nədən qorxdun?,- inildəyərək geri çəkilmiş, əsən əllərimlə qadından tutunmağa çalışaraq evə geri dönmək istəyirdim, - qorxma, yanındayam, sadecə itə baxıb gələcəyik,- sizlayaraq başımı durmadan “YOX!” işarəsi edərək bulayır qorxumdan huşumu itirmək üzrə idim,- yaxşı, yaxşı, qorxma, evə girək,- deyərək qadın məni evə qaytarmışdı,- sakit ol, burda heç kəs yoxdur, ancaq bizik,sakitləş.
Sümüklərimə qədər işləyən qorxu titrəməmə səbəb olmuş, məni bu evə qapalı bir məhkuma çevirirdi. Həm getmək, həm qalmağın qorxusu bədənimdə ömürlük möhür qoymuşdu.
13. .............................................
..............................................
- Nə oldu, getmək istəmirsən?,- yatağımda büzüşərək uzanmış, pəncərədən görülən göy üzünə baxaraq həkimin verdiyi suala qarşılıq olaraq susurdum.
- Evdən çıxmağa belə qorxur, necə olacaq bunun axırı?.- qadın təşvişlə soruşub qarşıdakı oturacağda əyləşmişdi.
- Sakitləşdirici vuraram, sinirləri stabil deyil.
- Biz onun nə yaşadığını, adının nə olduğunu belə bilmirik...Bəlkə yaxınları yaşayır? Ya qaçıblar?
- Bunu ancaq özü danışa bilər. Gördüyünüz kimi “şok” vəziyyətindən hələ də çıxa bilmir, biz onun nə vaxt danışacağını təxmin edə bilmərik.
- Siz anlayın ki, mən ona çox baxa bilməyəcəm.
- Siz də anlayın ki, dediklərim yalnış deyil. Siz burada təksiniz, ailəniz yoxdur, çıxıb getməyiniz üçün bir maneə olmayana qədər qərarınızı verin.
- Mən bunu edə bilmərəm...mənim o şəhərlə heç bir əlaqəm yoxdur.
- Bunu yaxşı düşünün, sonra gec ola bilər. Canınız və övladınız sizin üçün daha vacibdir. Kimi gözləyirsiniz? Onun atasının geri dönməsini?,- qadın başını aşagıya salaraq susmuşdu,- yadına belə düşmədiyiniz birisini gözləmək axmaqlıqdır.
- Siz deyirsiniz canımız...bəlkə də düzdür, ancaq evimizə sahib çıxmadıqsa bu can nəyə lazım? Biz torpağımıza sahib çıxmadığımız an – o torpaq bizim deyildir. Bunu unutmayın.
Bizə isə sahib çıxmağa imkan vermədilər. Oyuncağı əlindən alınmış birisi kimi qol-qanadlarımızı kökündən kəsərək kənara atdılar. Biz sahib çıxmağın dadını hiss etmədən məhv olduq.
14. .............................................
........................
Gün 42.
Qırx ikinci günün qırx üçüncü gecəsinin kabusuna qərq olaraq , qışqırıqlar əzab və agrılar dolu səhnəcikləri tək-tək izləyən tamaşaçı kimi oyanmışdım. “Burdayam, burdayam...” deyən incə səsi yenə anamın səsinə bənzətmişdim. Mən bu qadını çox sevmişdim. Titrəyən əllərimə bir fincan suyu uzadaraq “Sabah yola çıxırsan” demişdi. Artıq bu bir neçə gündə özümü toparlamağa çalışır, qorxularıma yenməmək üçün çabalayırdım.
Səhər açılmış, saat daha doqquzu keçməmişdi. “Hazırsan?” deyərək qapıda dayanan həkim üzümə diqqətlə baxıb gülümsəmiş, sanki “Qorxma, səni hər zaman qoruyacam” deyirdi. Lakin atam da bunları mənə deyərdi. Son dəfə “Gələcəm” deyərək söz verdiyindən etibarən ağlımdan çıxmayan üz ifadəsini dəfələrcə xatırlayır və ümidlə ona qovuşacağımı sanırdım. Kiçik arzularımın təməlində sadecə bir istək vardı...o da onlara yenidən qovuşmaq. Sinəm partlayacaq qədər darıxaraq , həsrəti daxilimdə boğmağa çalışıb cavab olaraq başımı aşağıya əymişdim. Mənə nə gülümsəmək , nə də ürək-dirək vermək lazım deyil. Uduzan nədən qorxsun ki?
Həkimin qoluna girərək evin girəcəyindən addımlamış, eyvana doğru gedirdim. Burnumu və ciyərlərimi yandıran aprel qoxusu artıq yazın başladığını bildirərək, ruhumu oxşamaq istəyirdi. Mənə yaz lazım deyil,mənim qışımı geri gətirin. Eyvanın hər pilləkanını enərək sağalmayan bədənimin ağrısını deyil, talan olmuş ruhumun ağrısını hiss edirdim. Başımı sağa doğru çevirərək uzun-uzun qarşıdakı ağacın yanına baxmışdım. “Onun yanına getmək istəyirsən?”sualını verərək məni taxta qutuya doğru aparmışdı. “Bax gör kim gəlib!”sevincli səslə qutunun sakinini səsləyərək çağırmış, o isə quyruğunu bulayaraq ayaqlarıma qapanmışdı. Göz yaşlarımı saxlaya bilməyib, xilaskarımın xəz yumşaq dərisinə toxunub rahatlığa qapanmışdım. Bir insanın deyil, heyvanın verə bildiyi istilik və rahatlığın olduğu dünyanın sakini idim. “Onun adını “Qar” qoyduq, bəs sənin adın nədir?” deyə mənə müraciət edən həkim cavab verməyəcəyimi öncədən bilirdi. Daha heç bir sual verməyərək xilaskarımla sağollaşıb küçənin başında duran köhnə süd rəngli avtomobilə doğru irəliləmişdik. Son dəfə olaraq başımı çevirib evin eyvanına , pəncərəsinə, mənə kömək olan qadına baxıb avtomobilə minmişdim.
15. .............................................
.................................................
Zaman. Biz onu durdurmağa çalışdıqca qaçan, uzatmağa çalışdıqca qısalan zaman. Heç vaxt geriyə dönüşü olmayan bir zaman. Çözə bilmədiyim, anlamağa çalışdığım – zaman. Ötüb keçən zaman dalğalarını bir anlıq belə olsa əllərimlə ip kimi dartıb çəkərək indiyə salmaq istədiyim duyğularla baş başa haraya irəlilədiyimi, harada olduğumu bilmirdim. “Uzun incə bir yolda idim”...
Neçə saat ötdüyünü saymamış, nə qədər məsafəni qəth etdiyimi bilmirdim. Fikirlərə qapanaraq bundan sonra nə edəcəyimi və nə olacağını da anlamırdım. Görünür həkimin vurduğu sakitləşdiricinin təsirindən səssizliyə qapanmışdım. Gözlərimi ağırlıqdan bağlamaq istəyirdim ki, bir anlıq avtomobilin durduğunu hiss etdim. Tanımadığım eyni geyimli şəxslər avtomobilə yaxınlaşaraq həkimə “Sənədlərinizi təqdim edin” demişdi. Qorxumun artıq yavaş –yavaş baş aldığını anlayır, titrəyərək əlimi həkimə atıb ondan bərk tutmuşdum. Aralarındakı dialoqu tam olaraq anlamasam da, gözlərimi iriləmiş qulaq asırdım.
- Görünür tələsirsiniz, sürrəti aşdığınıza görə,- həkim heç nə demədən sənədlərini uzatmışdı,- Səhman Rəsulov, 1951-ci il təvəllüd, yanınızdaki qızınızdır?
- Bəli,- soyuqqanlıqla cavab verən həkim ona yalan demişdi.
- Bu ərazilərdə yoxlanış gedir, avtomobilinizin sənədi yenilənməyib.
- Hə-hə..bilirəm...elə ona görə gedirəm...
- Avtomobilin arxa gövdəsi yoxlanılacaq...,- deyərək həkimin sənədlərini alan kişi avtomobilin arxasını açmış və oradan bir çanta çıxararaq həkimə uzatmışdı,- bunu açın.
- Baxın...içində sadecə tibbi ləvazimatlar...
- Açın dedim,- həkimin sözünü kəsərək əmr etmişdi.
- Yaxşı,- həkim çantanı məcburən açmışdı.
- Narkotik maddə?
- Xeyir.
- Bu narkotik maddədir.,- əlində saxladığı salafanı həkimə qaldırıb göstərmişdi.
- Xəstələrimi əməlliyyat etdikdə istifadə etdiyim ağrıkəsicidir sadecə.
- Bu qanunsuzdur. Dərhal avtomobili tərk edib bizimlə gəlirsiniz.
- Xeyir, siz səhv anladınız, mən sadecə onu...
- Sizə dedim ki, dərhal avtomobili tərk edin, yoxsa (müəllif Elyon) güc istifadə etməli olacayıq,- deyərək həkimi arabadan çıxarmışdı. Mənim oturduğum tərəfə isə digər əməkdaşı yaxınlaşıb qapını açmış, qorxumdan artıq idarəetməmi itirdiyimi anlamışdım.
- Yox...yox...ona dəyməyin, xahiş edirəm onu qorxuzmayın, - yalvararaq həkim artıq mənim necə qorxduğumun fərqinə varmış, titrəyən səsi ilə onlardan xahiş etmişdi.
- Bölmədə hər şeyi aydınlaşdırarıq,- deyərək qolumdan tutub ehmalca endirməyə çalışırdı ki, daxilimdəki tufan baş qaldırmış, qışqırıq səslərim və çırpınışlarımla müqavimət göstərə bilməyərək huşumu itimişdim.
Bölüm sonu

Müəllif: ELYON (Nəzrin Elçin Vəlizadə)

Şərh Yaz