Əcaib yuxu.

                                  Əcaib yuxum.

İri avtobusun içində kiçik boylu uşaqları,  iri sürücünün baxdığı şüşəni, əllərimi, əynimdə ki,  qara, qırnızı enli, gen donumu bulanıq görürdüm. Deyəsən səhər saat 7 olardı. Özümü sanki kar hiss edirdim. Azda olsa küləyin vıyıltısı, təkərlərin səsi qulağıma çatırdı. Hiss etdim ki, biz qəflətən dayandıq. Pilləkənlə avtobusdan düşməyə başladım. İlk gördüyüm mənzərə uşaqların bir-birinin əllərindən tutub irələməsi idi. Onların arasında ancaq mən böyük sayılırdım. Əslində belə baxanda avtobusdan 3 kişi də çıxıb binaya tərəf hamını aparırdı. Ətrafıma göz gəzdirib gördüm ki, biz hasarla əhatələnmiş, mərkəzdə  iri bina durmuş məkanda idik. Başımı qaldrıb binanın üzərində ki sözləri oxumaq fikirinə gəldim. Axır ki anladım ki,  biz əyləncə mərkəzindəyik və bu binanın içərisində uşaqların sevdiyi möcüzələr gözləyirdi. Lakin mənim şübhələrim özünü göstərməyə çalışırdı. Diqqətimi daha çox çəkən kişilərin əllərində olan qara rəngə bənzər çantalar idi. Birdə, günəşin təzə oyanan şəfəqləri öz istisini mənim üstümə vururdu. Həqiqətən də mənə dəhşətli dərəcədə isti idi. Axır ki, qapıları açdılar. Biz içəri girən kimi mənim gözümə sadəcə taxta, dəmir, zəif işıqlandırılmış çoxlu, iri pəncərələri olan,  hündür tavanlı bir məkan dəyir. Hətta deyərdim uzun, iri bir yer idi, lakin biz bildiyimiz əyləncə üçün müxtəlif yellənəcəklər, oyunlar və ya klounlar deyilər heç bir şey yoxdur. Başımı arxaya çevirirəm. Kişilərdən ikisi qapını zəncirlə və taxta ilə bərk-bərk bağlayır. Sonra başımı döndərib görürəm ki, digər kişi masanın üstündə ki, lampanı qoşur və stul gətirib ora da yerləşdirir. Həmin iki kişi isə sərt şəkildə mənim qabağımda duran yaşıl köynəkli, balaca oğlanın saçından tutub, həmin stula dartıb, atırlar. Mən bu dəhşətli mənzərəni sadəcə seyr edirdim. Yerimdə mıxlanıb heç tərpənə bilmirdim. Sonra qara çantadan çıxarılmış qayçı, pinset, bıçağı gördüm. Oğlanın qışqırıq səsi mənə güclə çatırdı. Halbuki mən digər uşaqlarla yaxından onu izləyirdik. Hal-hazırda onlarla birgə burdan qaçmağı üstün tutardım. Amma bu qaçış heç cür baş tutmaz.  Yaşıl köynəkli uşaqla ora da nə etdiylərini görmürdüm. Ancaq nəyəsə görə qorxu mənim bütün bədənimi əhatəyə almışdı. Sonra mənim gözümə çarpan bu iki kişi mənə tərəf yaxınlaşırdılar. Ayağlarıma “qaç” əmri versəm də onlar sadəcə buz kimi donmuşdular. Onlar  məni tutub, dartırdılar. Əllərimi silkələməyə başlayıram. Hiss etdim ki, bu qəribə səyahətdən bəri məni narahat edən boğulmağımdır. Nəfəsimi dərindən alan kimi öskürürdüm. Get-gedə daha pis günə düşüb, sıxılırdım. Bu əclafların əlindən qurtulmaq üçün ora-bura fırlanıram. Ayaqlarımı, qollarımı artıq heç hiss də etmirdim. Gözlərim qaraldı…

Məni soyuq hava sanki qucaqlamışdı. Boz kərpiclə örtülmüş, zəncirlərin yerdə səpələndiyi kiçik otaqda idim. Arxamda pəncərədən günəşin şəfəqləri özümü görməyə yardım göstərdi. Mən diz üstə oturmuş və əllərimin iri zəncirlə bağlı olduğunu gördüm. Bir anlıq təlaşdan ayağa qalxıram. Zəncili dartıram ki, qırım, amma əllərim sıxılır. Hiss edirəm ki, sanki bütün hadisələri mənim beynimə yerləşdiriblər. Buna görə mən özümü itirməkdəyəm. Bu qorxu məni incidir, ağciyərlərimi sıxır. Hal-hazırda hər şeyin bitməsini daha çox istəyərdim. Çünki, nə etdiyimi, nə edəcəyimi təsəvvürdə edə bilmirdim. Ayaq səslərini eşitməyə başladım. Daha doğrusu duyğularım mənə qəibə işarələrlə bunu bildirdi. Nəfəsim kəsildikcə, özümü narahat hiss edirdim. Əllərim qızarmışdı, çünki onlarda mənim kimi sıxılıb əzab çəkirdilər. Axı mən nə edim? Bəs bu uşaqlar? Deməli mən də onlar kimi əciz vəziyyətdə qalmışam. Onlara verilən işgəncələri mən də dözməliyəm? Gözlərim qabağımda bir səhnə yaranır. Cəld bunu unutmağa çalışdım. Sonra damarlarımın, boğazımın daxilindəki ağrını hiss edirəm. Qəhərləndim və bu da ağlamağa bir səbəb idi. Mən artıq əldən düşdüm və nə qədər çalışsamda zəncirdən qurtula bilmirəm…Ölümə hazır tərzdə dayandım. Onların mənimlə nə edəcəyini təsəvvür etmək istəmirdim. Çünki mən artıq bu iztirabı bütün bədənimlə çəkirdim. Əlimdə bir bıçaq olsa idi. Cəld sinəmə batırardım ki, damarlarımın, buz kimi əllərimin, ağ ciyərlərimin, gicgahımın, qanın coşub verdiyi ağrılardan qurtulardım. Bu fikirlər də məni boğaza yığmışdı. Taqqıltı səsi isə yaxınlaşırdı. Sanki bu əcaib qorxunun qoxusunu nəfəsimə çəkirdim. 

                  Birdən necə oldusa məni qucaqlayan bu soyuq havanı kim isə məndən ayırdı. İndi buz kimi olan, qızarmış və zəncirlər sayəsində boğulan əllərim azad oldu. Sağ tərəfə baxdım. Əynin də qara şalvar, ağ köynək olan və hətta mənim üçün ətraf  bulanıq olsa da onun açıq rəngə çalan boz gözlərini görməmək mümkün deyildi. Kor olsan belə bu gözləri sezmək olurdu. Yağış gəldiyini bildirən buludların rəngində çalan bu gözlər məni isti hava ilə qucaqladı. Onun saçları isə, əgər mən səhv görmədimsə, açıq rəngdə idi. 

-Cəld qaç burdan. Eşidirsən məni. Görürsən bu qapını.-Deyə əlini qaldırıb, arxa qapını görsətdi.-Qapını açan kimi pilləkənləri görəcəksən. Aşağı düşüb binadan çıx.

Mən ona baxmaqda davam edirdim. Axır ki, o əlimdən tutdu. Bu isti hətta ehtiraslı əllər məni sıxırdı. O, irəli qapıya tərəf gəldi. Oranı açıb, baxışlarını mənə yönəltdi. Mən axır ki, gözümü ondan çəkdim. Çünki onun kim olduğunu bildim. Məni xilas etdiyinə görə də dəlicəsinə sevinirdim. O, mənim…

Qapıya açarı saldılar. Deməli mənim dalımca gəliblər. Mən axrıncı dəfə onu izlədim. O, deyəsən gülümsündü. Sonra onun möhtəşən aurasında ayrılıb pilləkənlərlə üzü aşağı qaçdım. Günəşin işığı heç görünmürdü. Bir neçə dəqiqə əvvəl ağ ciyərlərimi və bütün dözdüyüm ağrıları sadəcə unutmuşdum. Heyif bu gözəl dəqiqələr keçib getmişdi. Yenidən süngərə bənzəyən bu ağ ciyəri sıxıb suyunu çıxardmaq fikirindədirlər. Axır ki, irəlidə qapı gözümə dəydi. Səslər qulağıma milçəyin vıyıltısı kimi gəlirdilər. Bu avaz bitmirdi ki, bitmirdi. Qapını çırpıb açdım. İrəlidə biz gələndə boş olan bu həyət, indi valideynlərlə dolu idi. Onlar söhbət edib, gülürdülər. Bir anlığa qəlbimdə ildırım çaxdı. Uşaqlar! Mənim taleyim həll olunub bəs onlar? Bəlkə onları xilas etməyə bir variant var. Başımı çevirib bizim daxil olduğumuz qapıya baxdım. Hələ də taxta və dəmirlərlə örtülmüş vəziyyətdə idi. Cəld izdihamın içinə girib çığırdım:

-Qapılara sındırın. Uşaqları xilas etmək lazımdı. Ora əyləncə mərkəzi deyil…

Onlar məni mənasız baxışlarla süzürdülər. Sanki mən səsi mövcud olmayan bir gəlincik idim. Sükut bir neçə dəqiqə davam etdi. Sonra mən həmin qapılardan səs eşitdim. Arxaya boylananda oranın açıq olduğunu gördüm. Gözlərimə qırmızı parıltı dəydi. Cəld ora qaçıb girdim və ölü sükut hər yeri aldı. Avtobusta olan bütün uşaqlar yerdə sərinmişdi. Sadəcə deyil…Təsəvvür edin ki, plastik butulkanın daxilindəki mayeni damcısına kimi içmisiniz. Bundan sonra butulka elə yüngün olur ki, onu lazımsız tərz bir kənara atırsız. Elə bu uşaqlar da boğazından başlayaraq kəsilmiş və açılıb bütün içalatı dağılmışdı. Daha doğrusu heç mövcud da deyildi. Hətta sümüklər belə yox idi. Sadəcə qırmızı su ora-bura köpüklənib, yırğalanırdı. Yaşıl köynəkli oğlan qana bulaşmış göyməçədə uzanmışdı. Onun cansız görünən gözləri, tikilmiş ağzı, hələ də yaş yanaqları, xaricə çıxmış göy rəngdə damarları məni özümdən çıxardı. Tir-tir əsməyə başladım. Sanki vəhşi olub başımı ora-bura yelləyirdim. Elə bil boynuma kəndir salmışdılar. Get-gedə ayağımın altında olan bu stuluda ora-bura yırğalayırdılar. Mən sadəcə boğulurdum. Yox…Bu həqiqət deyil…Bu sadəcə…sadəcə…Yox…Hiss etdim ki, ağlayıram. Amma göz yaşım bu oğlanın yanaqları qədər yaş deyildi. Bu işgəncə, bu əzab…Onun günahı nədir? Məni xilas etməsəydilər, donum tamamilə qırmızı sapla tikilmiş olardı. Digər uşaqlarda mənasız plastic butulkalar kimi bir qırağa atılmışdılar. Saçlarımı yolub, başımı ora-bura silkələyirəm, özümü vururam. Birdən başım yumuşaq bir şeyə söykəndi. Bu səhnə əbədi olaraq itdi…

            Zülmət, günəşin və ya hər hansı bir lanpanın işığı qədər mənə yardım görsədə bilmişdi. Diksinib, cəld oturdum. Mənə dəhşət dərəcə də soyuq idi. Dərindən nəfəsimi aldım. Ağ ciyərlərin çaldığı fit səslə kifayətləndim. Əlimi uzadıb salbutamolu qapdım. Onun borusunda duran qapağı açıb, ağzıma saldım. Düyməni basan kimi ağ rəng də buxar ağ ciyərlərimə deyil, havaya uçdu. Yenə vurmalı idim. Çünki mənə bütün ömrü əzab verən ciyərlər lazımı qədər sıxılmışdı. Vızıldayan səs isə kəsilmirdi ki, kəsilmirdi. Dərindən nəfəs almağımla, salbutamolun düyməsinə basmağım eyni anda baş verdi. Axır ki, sıxılmış əzələlər azad oldu. Boğazıma bağlanmış kəndir çıxarıldı. Mən rahat tərzdə nəfəsimi dərdim. Sonra yerdə öz yorğanımı gördüm. Demək buz kimi əllərimin səbəbi elə bu idi. Onu üstümə atıb uzandım və nədənsə yaş olan yanaqlarımı sildim...


                                                                             Çinarə Əlişli. 


+3

Şərhlər 3

Ayaz
Ayaz Tarix 10 oktyabr 2018 14:49
Cox gozel hekayedir ellerinize sagliq
Admin Tarix 11 oktyabr 2018 00:09
Maraqli və mənalidir əlləriniz dərd görməsin
--------------------
Beydı
Vahid Rustemov
Vahid Rustemov Tarix 16 oktyabr 2018 17:42
Bele gozel hekayelerden tez tez yazin oxuyaq Tesekkurler
Şərh əlavə et

Şərh Yaz