Türkan kəndi

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Bakı paytaxt olmasından dolayı Azərbaycanın siyasi-iqtisadi və mədəni mərkəzidir. O, müasirliyi  ilə nə qədər seçilirsə, kəndlərinin qədimliyi ilə də bir o qədər seçilir. Hal-hazırda Bakının 32 kəndi var. Bəzən Bakı kəndləri vəhdət təşkil edən 32 dişə bənzədilir. Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakının 34 kəndi vardır. 1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir.

Bakının füsunkar gözəlliyə sahib kəndlərindən biri Türkan kəndidir. Türkan paytaxtdan 35 kilometr aralıda yerləşir. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. "Türkan" sözünün mənası anlaşıldığı kimi türklərin yaşadığı ərazi, yer deməkdir. Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək, Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar.  O zaman türkmənlər sadəcə olaraq, türkan adı ilə də məşhur idilər. Bu tayfalardan bəziləri Xəzərin qərb sahillərində daimi məskən salmışdılar. Türkan kəndinin adı da, görünür, bu yerlərdə olmuş türkmənlərin adı ilə bağlıdır. Türkmənlər əsasən səlcuqlardır. 

Türkan kəndi bağları ilə məşhurdur. Bağlarda ən çox üzüm (ağ şanı, qara şanı, dərbəndi, kişmişi), əncir, nar yetişdirilir. Əvvəllər kənddə balıqçılar olsa da, hal-hazırda fərdi səciyyə daşıyır. 

Türkan həm də tarzən Zamiq Əliyev, xanəndə  Ağaxan Abdullayev, qəzəlxan Vidadi Arif, yazıçı Ənvər Əlibəyli, Əhli-beyt məddahı Hacı Nasir, Vüqar Türkanlı kimi şəxsiyyətlərin doğma kəndidir. Vüqar Türkanlı "Mən Azərbaycanlıyam" qəzet və jurnalının təsisçisi və baş redaktoru, Ağaxan Abdullayevə həsr olunmuş "Bir Ömür Muğam" kitabının müəllifidir.

Türkanda sosial-mədəni səviyyənin yüksəldilməsində Ağaxan Abdullayev adına Türkan Mədəniyyət Mərkəzinin xüsusi rolu var. Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. 2010-cu il iyulun 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzin açılışında iştirak edib. İkimərtəbəli binanın ümumi sahəsi 1500 m²-dir. Mərkəzdə şahmat, kompyuter dərnəkləri fəaliyyət göstərir. İkinci mərtəbədə 250 nəfərlik akt zalı vardır. Mərkəzdə müxtəlif sahələrə aid zəngin ədəbiyyatın toplandığı kitabxana yaradılmışdır.

Kənddə iki məscid var: "İmam Hüseyn" məscidi və "Bağlar" məscidi. Hər iki məscid də sakinlərin istifadəsindədir. Seyid Rza Ağa ziyarətgahı  və "Əli ayağı" adlanan ərazi xalq tərəfindən müqəddəs hesab olunur. İmam ehsanları "Əli ayağı" adlanan yerdə verilir. Rəvayətə görə, buradakı iz İmam Əlinin ayaq izidir. Seyid Rza Ağa ziyarətgahı daha diqqətəlayiq hesab olunur. Seyid Rza ağa 1874-cü ildə İranın Xalxal şəhərində anadan olmuşdur. O, 7- ci İmam Museyi Kazımın nəslindəndir. 1818-ci ildə Bakıya qardaşını ziyarət üçün gəlir. Daha sonralar Türkan kəndində bağ alır və burada məskunlaşır. 1967-ci ildə Türkanda vəfat etmiş və burada dəfn olunmuşdur. Əgər bu ziyarətgah daha da tanıdılsa, Abşeron üzrə əsas dini mərkəzlərdən biri ola bilər.

Şərh Yaz