Feminizm nədir və onu nə ilə yeyirlər?

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


Kubra Məhərrəmova yazır...

Bizdə hər şeyi urvatdan çıxara bilmək qabiliyyəti mövcuddur ki, bunu bizdən başqa heç kim edə bilməz.
Məsələn, Qurban bayramında gəlin qapısına pay göndərilən qoçu az qala gəlin qiyafəsinə geyindirmək. Qoçu bəzəyib elə günə qoyurlar ki, doğma anası da tanıya bilməz.
Yəni hər işə bəzək qatmaq, hər işdən şou düzəltmək bacarığına malik toplumuq.
Elə dünənki 8 Mart bayramı ilə bağlı bir dəstə qadının şəhərin mərkəzində aksiya keçirməyi şoudan başqa bir şey deyildi.
“Feministlər” özləri də deyirlər ki, əsas diqqəti üzərimizə çəkmək məqsədi güdürük. Əsas odur ki, hamı bizdən danışsın. Açığı iki gündür insanlar bu barədə danışır. Amma yaxşı bir danışan görmədim. Deməli yaxşı bir şey də yoxdur ortada.
İndi görək son vaxtlar deyilən, danışılan feminizm nədir və onu nə ilə yeyirlər? 
İnternetdə yazırlar ki, feminizm cinslər arasında bərabərliyi təşviq edən sosial-fəlsəfi cərəyan və ictimai-siyasi hərəkatdır. Feministlər deyirlər ki, kişilərlə qadınlar bərabər imkanlara, hüquqlara malik olmalı, onlara eyni cür rəftar və hörmət edilməlidir.
Olsun. Buna heç kim heç nə demir. Amma bizim küçələrdə qaçan, atlanıb-düşən “feministlər” bunumu deyirlər?
Bizimkilər deyir ki, bədən mənimdir, küçə də mənimdir, nə istəyirəm, harada istəyirəm onu da edirəm. Bildiyim qədər bu “qadınlara” nəyi harada etmələri üçün bir qadağa qoyan yoxdur. Etdiklərini edirlər, beş də artıq. 
İkincisi, bizim “feministlər” İkinci Qarabağ müharibəsi dövründə “humanist” mövqe sərgiləyərək gecə-gündüz erməni əsgərləri üçün ağlaşma qurub uladılar. Ölən erməni əsgərlərin fotolarını sosial şəbəkələrdə profil fotosu etdilər. “Sülh-sülh” deyə yazdılar!
Tamam razıyıq, humanizm əla bir şeydir, bütün insanlar xoşbəxt yaşamalı, yaratmalıdır. Yaxşı, belə olanda bəs bizim 30 ildir çadırlarda, yataqxanalarda yaşayanlarımız adam deyil? 
Niyə bizə çatanda humanizm işləmir? Axı hamınız gördünüz ki, bu 30 il ərzində bu yazıqlar zülm çəkərkən ermənilər Ağdamda, Füzulidə nəinki şəhərlər, qəsəbələr salmayıb, o yerləri yerlə-yeksan edib. Təsəvvür edirsiniz insanlar zülm çəkdiyi vaxt ərzində 30 il (bu “qəhramanlar”ın yaşındanda çox) ermənilər bu adamların evlərinin bünövrə daşına qədər talayıb satıblar. Bu söhbətlərə humanizm girmir?
Ermənilər əsirləri tutduqları halda onlara verdikləri zülm, işgəncə niyə hesaba alınmır? 
Günü bu gün Ermənistan Qarabağda minalanmamış ərazi qoymayıb. Hər addım başı piyada əlehinə mina basdırıb. Bəs beynəlxalq hüquq tərəfdən bu yasaq idi?! Nə oldu, niyə tələb etmirlər?
Niyə Ermənistan mina sahələrinin xəritəsini vermir və bizim “humanistlər”, “feministlər” bunun üçün çığır-bağır salmır? Çünki əppək yoxdu, pul yoxdu. Qadan alım, pul olsaydı, plakatlarda “hür küçələr bizimdir” yox, minalanmış sahələrin xəritələrini tələb edərdilər. 
Niyə bu “humanist-feminist” tayfası cəbhə bölgələrinə gedib orada ermənilərin etdiyi vəhşiliklərdən danışmır xaricdəki “dayday”lara? Çünki dollar verməzlər “daydayları”. Bunlarınki elə alt paltarı səviyyəsində bir zad olacaq ki, o da biabırçı gündə.
Mütəmadi olaraq, boşanan qadınlara görə sevinən bu 5-10 nəfər “feminist” hər dəfə bunu tirajlayır və bunu özlərinin əldə etdiyi qələbə kimi qeyd edirlər. Tamam, tutalım ki, qadın şiddətdən xilas oldu və siz bunun üçün nəsə etdiniz. Bir zəhmət, məlumat yayın görək, bəs sosial təminat olaraq bu qadınlar üçün nə işlər görmüsünüz?
Yoxsa hər boşanan qadın üçün lazım olan yerə hesabat göndərəndə əsas məqsəd “qrant” almaqdır? Görəsən tarifi neçədir bu prosesin? Hər boşanmış qadın üçün bu “feministlər”ə nə qədər “qonorar” nəzərdə tutulur?
Belə başa düşdüm ki, ildə bir dəfə də böyük “pay” ayrılır, bunlar da bu pulun qarşılığında bir “ŞOU” təqdim etməlidirlər, o da belə alınır. Bəsit, gülünc, mənasız.
Çoxu deyir ki, bəs insanların etiraz, söz, azad toplaşmaq hüququ var. Elədir, var. Amma bu toplantını edəndə niyə başqaları əziyyət çəkməlidir? Başqasının da bayram günü Bakının mərkəzində ailəsiylə, sevgilisiylə, anasıyla gəzmək, istirahət etmək hüququ var. Bu insanlar niyə sizin “çığır-bağırınızı” eşitməlidir? Niyə qarmaqarışıq ortama düşməlidir?
Əslində polisin bu “feministləri” oradan uzaqlaşdırması ilk növbədə bu “feministlər” üçün xeyirlidir. Çünki qeyri-adekvat biri rahatlıqla gəlib dedikləri şüarlara görə “sən mənim qızımı pis yola çəkirsən” deyib, təpiyinin altına sala bilər. Onda necə olacaq, görəsən? Deyəcəklər ki, polis bizi qorumadı? Yoxsa belə hadisə üçün daha böyük “qrant” nəzərdə tutulub?
Elə istədikləri də budur?
Qadın hüquqlarını müdafiə etmək üçün isə başqa vasitələr var. Bu, sosial və hüquqi yardımdır.
Bu, oxumaq istəyən qıza, qadına dəstək olmaqdır. Bu, ailəsində şiddət görən qadının yanında olmaqdır. Gerisi isə qoçun Qurban bayramında gəlin qiyafəsinə geyindirilməsi kimi bir zaddır.

Şərh Yaz