"Hadisə yerinə baxış" istintaq hərəkəti
Fəsil 1. Hadisə yerinə baxışın anlayışı, ilkin müddəalar
Hadisə yerinə baxış adından da göründüyü kimi hadisənin baş verdiyi güman olunan ərazidə, izlərin qeydə alınması, təsbit olunması, götürülməsi və s. hərəkətlərin edilməsi üçün mühüm əhəmiyyətə malik olan istintaq hərəkətidir. Bu istintaq hərəkəti əhəmiyyətini onunla göstərmək olar ki, mahiyyəti üzrə bu hərəkət digər istintaq hərəkətləri üçün əsas rolunu oynayır, yəni başlanğıcını bu hərəkətdən götürür. Bəlkə də elə bu səbəbdən baxış istintaq hərəkətini cinayət işi başlamadan da aparmaq mümkündür. Bu zaman əldə olunancaq sübutlar cinayət işinin açılması üçün əsas ola bilər. Beləliklə, hadisə yerinə baxışın məqsədi cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsidir.
Mövzunun adının “hadisə yerinə baxış” olmasına baxmayaraq bu adlı Cinayət Prosesual Məcəllədə (bundan sonra CPM) xüsusi bir fəsil və ya norma yoxdur. Bu istintaq hərəkətinin aparılması qaydaları və müddəaları “baxış” adı altında 236-cı maddə də əksini tapmışdır. Burada hadisə yeri, binalar, sənədlər, əşyalar, insan meyiti və heyvan cəsədinə baxış qaydaları göstərilmişdir.
Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinə baxış zamanı ən azı 2 hal şahidi iştirak etməlidir. Əgər hadisə yerinə baxış zamanı video çəkilişdən istifadə edilərsə bu zaman hal şahidlərinin iştirakı məcburi deyil. Buna baxmayaraq qanun videoçəkilişdən istifadə edən zaman hal şahidlərinin iştirakına qadağa qoymur.
Baxış zamanı müstəntiq izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Bu zaman həmin predmentləri təkbaşına və ya mütəxəssisin köməyi ilə götürə bilər. Baxışı axtarışdan fərqləndirən əsas məsələ elə buradadır. Baxış zamanı müstəntiq səthi olaraq gözlə gördükləri əşyaları götürə bildiyi halda, axtarış zaman müstəntiq xüsusi olaraq götürmək məqsədi ilə gəldiyi predmeti axtarır və daha sonra onu götürür. Bu səbəbdən bu iki istintaq hərəkətinin funksiyalarını bir-birinə qatmaq hüquqi cəhətdən qadağandır. Baxış adı ilə şəxsi mülkiyyətdə axtarış aparmaq, şəxsin konstitusion hüquqlarına qarşı müdaxilədir.
Baxış qurtardıqdan sonra müstəntiq müvafiq protokol tərtib edir. Həmin protokolda təsbit olunmalı olan hallar CPM-in 236.6-cı maddəsində öz əksini tapmışdır. Sadəcə orada bir hal mövcuddur ki, onun haqqında xüsusi olaraq danışmaq lazımdır. Belə ki, hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar müvafiq protokolda qeyd edilməlidir. Qanun protokolun tərtibinə yalnız istintaq hərəkəti bitdikdən sonra icazə verir. Bu zaman əgər sonra hal şahidləri barəsində onlara etiraz hüququnun yarandığı aşkar olunarsa bu zaman istintaq hərəkətinin mötəbərliyində qüsurlar yarana bilər. CPM-in 115.4-cü maddəsinə əsasən əgər hal şahidinin iştirakı qanuni deyilsə, onun barəsində etiraz hüququ yaranırsa və buna baxmayaraq şəxs hal şahidi qismində istintaq hərəkətində iştirak edirsə, bu zaman istintaq hərəkəti etibarsız sayıla bilər. Bu da ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən müstəntiq istintaq hərəkəti başlamazdan əvvəl mütləq olaraq bunu müəyyənləşdirməlidir. Belə ki, hal şahidi ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda həmin iş üzrə iştirak edə bilməz.
Göründüyü kimi, CPM-nin 236-ci maddəsi baxışla bağlı yalnız müstəntiqin prosessual vəzifələrini müəyyən etmişdir. Lakin hadisə yerinə baxışı müstəntiqlə yanaşı, həm də təhqiqatçı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da apara bilər. Məcəllənin 294.1.4-cü maddəsində isə göstərilir ki, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror şikayətin məhkəmə və ya istintaq aidiyyəti üzrə göndərilməsi qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq, cinayətin izlərinin rəsmiləşdirilməsi (hadisə yerinin baxışı, bu zaman aşkar edilmiş əşyaların götürülməsi, müayinəsi) üzrə təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq və cinayətin törədilməsini görmüş şahidlərdən izahat almaq və öz qərarı ilə şikayəti toplanmış bütün materiallarla birlikdə müvafiq olaraq məhkəməyə və ya istintaq orqanına göndərmək vəzifələrini icra etməlidir (hadisə yerinə baxış zamanı kriminalistik texnikadan istifadəyə dair metodik vəsait).
Beləliklə, bu fəsildən aydın olur ki, hadisə yerinə baxış istintaq hərəkətləri içərisində özünəməxsus xüsusiyyətlərinə görə əhəmiyyətli sayılan hərəkətlərdən biridir. Bu zaman baş verən səhlənkarlıq, metod və planın düzgün qurulmaması və s. hallar izlərinin itirilməsinə və vaxtında aşkar olunmamasına səbəb ola bilər. Doğrudur bu zaman hadisə yerinə təkrar baxış aparıla bilər. Buna baxmayaraq hadisə yerinə təkrar baxış adətən işin hallarından yox, bu istintaq hərəkətini aparan şəxsin səhlənkarlığından baş verir. Məsələn, barmaq izləri, ayaq izləri və s. sübut hesab edilə biləcək izlər vardır ki, onların hadisə yerində qalması müddətdən asılıdır. Bu səbəbdən müstəntiq hadisə yerinə baxış hərəkəti təxirəsalmadan, tez bir zamanda həyata keçirməlidir.
Yuxarıda hadisə yerinə təkrar baxışın adını çəkdiyimiz üçün hadisə yerinə baxışın növlərinə toxunmaq lazımdır. Hadisə yerinə baxış - ilkin, təkrar və əlavə olmaqla 3 növə bölünür. İlkin baxış, ilk dəfə olaraq hadisə baş verdiyi haqqında məlumat əldə etdiyi anda müstəntiqinin hadisə yerinə baxışa getməsidir. Yaxşı olardı ki, müstəntiq bu zaman hər tərəfli olaraq baxış prosesini həyata keçirsin və əlavə, təkrar baxışa ehtiyac qalmasın. Hadisə yerinə əlavə baxış ilkin baxışda qüsurlar olduqda aparılır. Bu zaman müstəntiq ilkin baxış zamanı müəyyən elementləri unutduğunu, müəyyən ərazilərə nəzər etmədiyini başa düşür və həmin hissələrə baxışın keçirilməsi üçün əlavə baxış həyata keçirir. Məsələn, əgər hadisə yerində 3 obyekt var və müstəntiq onlardan yalnız ikisinə baxış keçiribsə, bu zaman 3-cü obyektə baxış keçirmək üçün əlavə baxış prosesini həyata keçirir. Hadisə yerinə təkrar baxış isə ilkin baxış zamanı baxış keçirdiyi obyektlərə yenidən baxış keçirməsidir. Bu zaman müstəntiq ilkin baxış zamanı əldə edilən məlumatların mötəbər olmadığı, maddi sübutların əldə olunması üçün mütəxəssinin köməyinə ehtiyac olduğu və s. işlərə ehtiyac olduğu qənaətinə gələrsə təkrar baxışı həyata keçirir. Onu da qeyd edək ki, qanunvericilikdə baxışın bu cür təsnifatı göstərilməmişdir. Buna baxmayaraq onun növlərinin həyata keçirilməsinə xüsusi bir qadağa da əksini tapmamışdır.
Fəsil 2. Xarici dövlətlərin qanunvericiliyində - hadisə yerinə baxış.
a) Rusiya.
Rusiyanın cinayət-prosessual məcəlləcinə baxdıqda AR CPM ilə arasında bir qədər fərqlər ilə rastlaşırıq. Belə ki, AR CPM-də yalnız bir maddədə bu münasibət tənzimləndiyi halda, RF CPM-də baxış adı altında daha çox norma nəzərdə tutulmuşdur.
İlk öncə baxışın anlayışı verilən zaman orada, baxışın aparıla biləcəyi obyektlərin dairəsi bir qədər AR CPM ilə müqayisədə azdır. Belə ki, RF CPM-in 176-cı maddəsinə əsasən hadisə yerinə, əraziyə, yaşayış sahəsinə, digər otaqlara, əşyalara və sənədlərə baxış cinayətin izlərini aşkar etmək, cinayət işi üçün əhəmiyyət kəsb edən digər halları aydınlaşdırmaq məqsədi ilə həyata keçirilir. Buna baxmayaraq növbəti maddələrdə meyitə baxış prosesi göstərilmişdir. RF CPM-in 176-cı maddəsi ilə AR CPM-in müvafiq maddəsində olan fərqlərdən biri də cinayət işi başlamazdan əvvəl müəyyən istintaq hərəkətlərinin aparılması ilə bağlıdır. Belə ki, AR CPM-in 207.4-cü maddəsinə əsasən cinayət işi başlamazdan əvvəl hadisə yerinə baxış istintaq hərəkəti aparıla bilər. Buna baxmayaraq RF CPM-in 176.2-ci maddəsinə əsasən cinayət işi başlanana qədər hadisə yerinə, sənədlərə və əşyalara baxış aparıla bilər. Digər maddə də isə hətta meyitə baxışa da cinayət işi başlamazdan əvvəl icazə verilir. Bu əhəmiyyətli fərqdir. Çünki, cinayətin əlamətlərinin olub-olmamasını aşkarlamaq və mənasız olaraq cinayət işi başlayıb sonra əsas olmadığı üçün cinayət işinə xitam verməyin qarşısını almaq üçün nəyinki hadisə yerinə həm də digər predmentlərə baxış aparmaq lazımdır. Mühüm məlumatlar hadisə yerində aşkar edilsədə, sənəd və əşyalar da istisna edilmir. Bu səbəbdən həmin normanın AR CPM-də də nəzərdə tutulmasının faydalı olduğunu düşünürük.
AR CPM-in 236-ci maddəsinə (baxış) əsasən, baxış istintaq hərəkətinin aparılması üçün məhkəmənin qərarına ehtiyac yoxdur. Əgər baxış yaşayış yerində aparılmalıdırsa bu zaman təxirəsalınmaz hallar olmalıdır. Əks halda yaşayış binasına baxışın aparılmasına icazə yoxdur. Beləlilə buradan belə bir nəticə çıxır ki, konkret olaraq AR CPM-də baxış maddəsində göstərilməsədə yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış yalnız məhkəmənin qərarı əsasında aparılır. Bu fikrin yaranmasına səbəb olan norma isə AR CPM-in 177.3.1-ci maddəsidir. Eyni qaydada RF CPM-in 177-ci maddəsində də yaşayış sahəsinə baxışın yalnız orada yaşayan şəxslərin razılığı ilə və ya məhkəmənin qərarı əsasında həyata keçirildiyi göstərilmişdir. Burada əsas fərq isə yalnız məhkəmənin deyil, həm də yaşayış yerində yaşayan şəxslərin icazəsinin olması baxışın aparılması üçün əsas hesab edilir. Bu icazəsinin AR CPM-də də əks olunması faydalı ola bilər o cəhətdən ki, nəticədə məhkənin iş yükü azaldıla bilər. Lakin, bu zaman müstəntiq müəyyən psixoloji taktikalardan və ya qeyri-qanunu, zoraki hərəkətlərdən istifadə edərək şəxsin icazə verməsini təmin edə bilər. Bu kimi qanunsuz hərəkətlərin qarşısını almaq məqsədilə həmin hüququnun verilməməsi daha məqsədə uyğun görünür. Buna o zaman icazə verilə bilər ki, vəzifəli şəxslərin qanunlara əməl etmə ruhiyəsi yüksək dərəcədə olsun.
Növbəti məsələ ondan ibarətdir ki, RF CPM-i baxışın aparılma yerində təsnifat aparmışdır. Belə ki, bəzi hallarda baxış, istintaq hərəkətinin aparıldığı yerdən kənarda da aparıla bilər. RF CPM-in 177.3-cü maddəsinə əsasən yoxlama uzun müddət tələb edirsə və ya yerində yoxlama çətinləşirsə, onda əşyalar götürülməli, qablaşdırılmalı, möhürlənməli, yoxlama yeri üzrə müstəntiqin imzası ilə təsdiq edilməlidir. Yalnız cinayət işinə aidiyyəti ola bilən əşyalar götürülməlidir. Əslində bu ciddi bir fərq deyildir. Çünki, baxışın kənarda aparılması üçün həmin obyektlərin götürülməsinə ehtiyac vardır. Onlar götürüldükdən sonra isə artıq onun üzərində tədqiqat aparılması üçün mütəxəsislərin köməyindən istifadə etmək olar.
b) Belarusiya.
İlk öncə diqqəti cəlb edən məsələ, baxışın anlayışı verilən zaman BR CPM-də nəzərdə tutulmuş obyektlərin sayı AR CPM-ə nisbətən daha çoxdur. Belə ki, BR CPM-ə əsasən başıx istintaq hərəkəti hadisə yerinə, meyitə, əraziyə, binaya, yaşayış sahəsinə və digər qanuni sərvətlərə, əşyalara, sənədlərə və kompüter məlumatlarına münasibətdə həyata keçirilir. Xüsusi olaraq komputer məlumatlarına münasibətdə baxışın aparılmasının əhəmiyyəti çoxdur və belə düşünürük ki, onun AR CPM-də də nəzərdə tutulması faydalı ola bilər. Bəzi komputer məlumatları sənədin bir növü olan elektron sənəd formasında olsada, digər növləri isə sənəd formasında olmayan məlumatlardır. Bu səbəbdən komputer məlumatlarına sənəd adı altında baxış keçirmək doğru olmazdı. BR CPM-də baxış zamanı əldə olunan predmetlərin götürülməsinə toxunularkən, komputer məlumatlarının götürülməsinin qaydası xüsusi olaraq vurğulanmışdır. Belə ki, cinayət işi üçün əhəmiyyət kəsb edən kompüter məlumatları və ya yoxlama materialları olan obyekti götürmək mümkün olmadıqda və ya məqsədəuyğun olmadıqda, yoxlama zamanı onun kompüter məlumat daşıyıcısının təsviri yaradılmaqla, göstərilə bilən formada surəti (bərpa) edilə bilər. Kompüter məlumatlarının surətini çıxararkən (sabitləşdirərkən) onun itirilməsi ehtimalını istisna edən şərtlər nəzərdə tutulmalı, köçürülmüş (sabit) kompüter məlumatının etibarlılığını təmin etmək üçün prosedur və üsullardan istifadə edilməlidir.
Baxış keçirilən zaman xüsusi icazənin alınması məsələsidə fərqli şəkildə nəzərdə tutulmuşdur. Belə ki, yaşayış yerində baxışın aparılması üçün AR CPM-də məhkəmənin qərarı, RF CPM-də məhkəmə qərarı və yaşayan şəxslərin icazəsi göstərilsədə, BR CPM-də məhkəmə qərarına toxunulmamışdır. Belə ki, yaşayış sahəsinə baxış yalnız mülkiyyətçinin və ya orada yaşayan yetkin şəxslərin razılığı ilə və ya müstəntiqin, təhqiqat orqanının prokurorun və ya onun müavininin icazəsi ilə təqdim edilməli olan qərarı ilə həyata keçirilir.
c) Qazaxıstan.
İlkin olaraq demək istəyirik ki, Qazaxıstan Respublikasını digər dövlətlərin qanunlarından fərqləndirən əsas cəhət ondan ibarətdir ki, həmin qanunlarda nəzərdə tutulmuş normalar geniş izahlı şəkildə göstərilir. Bu zaman hərəkətlərin hər bir xırdalığına qədər izah edilməyə cəhd göstərilir. Müvafiq olaraq “baxış” maddəsi də həmin tipli normalardan biridir. Kitablarda nəzərdə tutulmuş taktikalar və s. orada qanunvericilik səviyyəsində göstərilir. İlk öncə onu bildirək ki, baxış hərəkətinin nə zaman aparılması barədə AR CPM-də göstəriş yoxdur. Buna baxmayaraq QR CPM-də müvafiq maddə də göstərilir ki, ibtidai istintaqı aparan şəxs törədilmiş cinayət əməli barədə ifadə və ya bildiriş aldıqdan sonra dərhal hadisə yerinə gəlməyə və baxış keçirməyə borcludur. Bu çox lazımlı hərəkətdir və hər hansı səhlənkarlıq hallarının aradan qaldırılmasına səbəb olur. Bu kimi “xırdalıqlara” qədər enmə metodundan AR qanunvericiliyində də istifadə edilməsi məqsədə uyğun olardı. Bundan əlavə bəzi taktikalar nəzərdə tutulmuşdur. Belə ki, istintaq orqanlarının əməkdaşları baxışın aparılmasına və ibtidai istintaqı aparan şəxsin tapşırığına əsasən, hadisə yerini mühafizə etmək, hadisənin şahidlərini müəyyən etmək, cinayət törətmiş şəxsləri aşkar etmək və saxlamaq üçün zəruri tədbirlər görməyə və ibtidai araşdırmanın aparan şəxsin tapşırığına əməl etməyə, zərərçəkmişləri təxliyə etmək, ölənləri daşımaq, davam edən cinayətlərin qarşısını almaq və təkrar cinayətlərin qarşısını almaq və hadisənin digər nəticələrini aradan qaldırmağa borcludurlar. Bundan əlavə AR CPM-dən fərqli olaraq baxışın təsnifatı göstərilmişdir. Belə ki, hər hansı səbəbdən ilk baxış zamanı obyektin təfərrüatları yoxlanılmamışdırsa, onlara əlavə olaraq baxılır. Eyni obyektə təkrar baxış aşağıdaki hallarda keçirilə bilər: 1) ilkin yoxlamanın şərtləri obyektin effektiv qavranılması üçün əlverişsiz olduqda; 2) ilkin müayinədən sonra yeni məlumatlar əldə oluna bilərsə; 3) ilkin yoxlama zəif aparılıbsa.
d) Qırğızıstan
Qırğızıstan Respublikasının CPM-də baxış istintaq hərəkəti ilə bağlı olan fərqlərdən biri əlavə baxışın aparılması qaydasıdır. Həmin məcəllədə nəzərdə tutulmuş şərtlər, Qazaxıstan Respublikasının CPM-də nəzərdə tutulmuş şərtlərdən daha artıqdır. Belə ki, hadisənin yerinə yenidən baxılması aşağıdakı hallarda aparıla bilər: 1) prokuror və ya təhqiqat bölməsinin rəisi yazılı şəkildə müstəntiqə hadisə yerinə təkrar baxış keçirmək barədə məcburi göstəriş verdikdə; 2) hadisə yerinə ilkin baxış şəraiti obyektin effektiv qavranılması üçün əlverişsiz olduqda; 3) hadisə yerinə ilkin baxış keçirildikdən sonra yeni məlumatlar alındıqda; 4) hadisə yerinə ilkin baxış zəif aparılıbdıqda; 5) cinayət işi bir müstəntiqdən digərinin icraatına verildikdə.
e) Moldova.
Moldova Respublikasının CPM-də baxışın aparıldığı obyektlərin içərisində əlavə olaraq heyvanlar da göstərilmişdir. AR CPM-də heyvanlar göstərilməsədə “heyvan” anlayışını “əşya” anlayışının içərisinə daxil edərək heyvanlar üzərində baxışı həyata keçirmək mümkündür. Buna baxmayaraq bir başa olaraq göstərilməsə və ya “digər obyektlərin barəsində baxış həyata keçirilə bilər” ifadəsinin əlavə edilməsi fikrimizcə daha aydın və ətraflı olardı.
f) Türkmənistan
AR CPM-də baxışın aparılması zaman ən azı 2 hal şahidinin iştiraki məcburidir. Əgər hal şahidi olmazsa bu zaman texniki vasitələrdən istifadə etmək olar. Hər ikisindən eyni anda istifadə etməyə də qanun qadağa qoymur. Buna baxmayaraq Türkmənistan Respublikasının CPM-də sui-istifadə hallarının qarşısını almaq məqsədilə norma nəzərdə tutulmuşdur. Müstəntiq bu zaman hal şahidləri tapmaq “əziyyətini” üzərindən ata bilmir. TR CPM-ə əsasən baxış hal şahidlərinin iştirakı ilə aparılır. Müstəsna hallarda, yəni: əlçatmaz yerlərdə, şahid tapmağın son dərəcə çətin olduğu ərazilərdə, lazımi ünsiyyət vasitələrinin olmaması, digər obyektiv səbəblərə görə, şəxslərin hal şahid qismində cəlb edilməsi imkanının olmaması və habelə baxış insanların həyatı və sağlamlığı üçün təhlükə ilə əlaqəli olduqda, baxış hal şahidlərin iştirakı olmadan, lakin bir qayda olaraq, onun gedişatını və nəticələrini müəyyən edən texniki vasitələrdən istifadə etməklə aparıla bilər.
Fəsil 3. Hadisə yerinə baxışın taktikaları.
Hadisə yerinə baxış istintaq hərəkəti öz əhəmiyyətinə görə digərlərindən fərqlənən bir hərəkətdir. Yuxarıda ki, fəsildə müəyyən izahlar verməyə çalışdıq. Bu istintaq hərəkəti vasitəsilə ilkin olaraq elə məlumatlar əldə etmək olar ki, bütün istintaqa təsir etsin. Elə bu səbəbdən bu əksidə baş verə, yəni səhlənkarlıq, plansızlıq üzərindən hərəkət etmək nəticəsində istintaqa mənfi təsir edə bilər. Bunları nəzərə alaraq aşağıda bu istintaq hərəkətinin müəyyən kriminalistik qaydalarına diqqət etməyə çalışacağıq.
a) hadisə yerinə baxışın təşkili.
İlkin olaraq hadisə yerinə baxışa başlamazdan əvvəl hazırlıq mərhələsinə toxunmaq lazımdır. Bu zaman müstəntiq hadisə yerinə baxışı həyata keçirməzdən əvvəl müəyyən işləri görməlidir. Bunlar hadisə yerinə baxış istintaq hərəkətinin tam və mötəbər olmasına yardımçı olur.
Müstəntiq hadisə haqqında məlumat aldıqdan dərhal sonra və əgər baş vermiş hadisə üçün bu tədbirləri görməyi zəruri hesab edərsə (yəni, izlərinin silinməsi qənaətinə gəlməyə əsas olacaq müxtəlif səbəblər varsa) ilkin olaraq həmin ərazinin mühafizəsinin təşkili həyata keçirməlidir. Bunun üçün müvafiq orqanlara müraciət etməli və həmin ərazinin mühafizə altına alınmasını təmin etməlidir. Daha sonra gecikmənin olmaması üçün lazım olacaq xüsusi şəxsləri, mütəxəssisləri hadisə yerinə çağırmalı və onların gəlməsini təmin etməlidir. Hadisə əsasən fiziki şəxslərin şahidliyi ilə müvafiq orqanlara məlumat ötürülür. Çox az hallar da vəzifəli şəxslər öz vəzifələrini icra edən zaman hadisə ilə rastlaşırlar. Bu səbəbdən hadisə ilə bağlı məlumat verən şəxsi “itirməmək” lazımdır. Nəticədə həmin şəxs şahid qismində çıxış edə və hadisə ilə bağlı mühüm məlumatlar verə bilər. Hadisə yerinə getməzdən əvvəl hal şahidləri tapılması təmin olunmalıdır. Bu işi isə əməliyyatçılara həvalə etmək mümkündür. Doğrudur ki, videoçəkilişin olması hal şahidlərinin iştirakını istisna edir. Buna baxmayaraq yüksək dərəcədə məsləhət görülür ki, həm hal şahidlərinin iştirakı təmin edilsin, həm də videoçəkilişdən istifadə edilsin. Ən sonda isə hadisə yerinə baxışa getməzdən əvvəl lazım olacaq texniki vasitələrin əldə edilməsi mühüm hərəkətlərdəndir.
İkinci mərhələdə müstəntiq hadisə yerinə gəldikdə, hadisə yerinə baxışa hazırlıqla bağlı müəyyən işləri görməlidir. İlkin olaraq müstəntiq hadisə yerinə vaxtında gəlməli və gəldiyi vaxtı qeyd etməlidir. Əgər hadisə yerində zərərçəkmiş varsa ona xüsusi yardımın göstərilməsini təmin etməli, mühafizə olunmalı obyektərin mühafizəsini təmin etməlidir. Hadisə yerinə baxışa hazırlıq zamanı hadisə yerinin mühafizəsini həvalə etdiyi şəxslərin mühafizəni təmin etməsinə nəzarət etmək müstəntiq üzərinə düşür. Əgər zərurət yaranarsa mühafizənin gücləndirilməsini və orada olan şəxslərin həyatının mühafizəsini təmin etməlidir. Bu zaman hadisə yerinə, yəni sarı lent və ya kəndirdən içəri yalnız səlahiyyətli şəxslər daxil olmalı, artıq şəxslərin daxil olmamasına nəzarət edilməlidir. Faydalıdır ki, lentin daxilinə çox az saylı insan, xüsusəndə mütəxəssilər, ekspertlər daxil olsun. Əgər mümkündürsə hadisəni törədən şəxsi görmüş şahidlərdən məlumatlar alınmalı, həmin məlumatlar əməliyyatçılara çatdırılmalı və “isti izlər” cinayətin üstünün açılması təmin edilməlidir. Hadisə yerinə baxış zamanı müstəntiqin müəyyən işləri görməsi, protoklaşdırmanı aparması, dindirmə və digər prosesləri həyata keçirməsi üçün xüsusi yerin hazırlanması və təşkil olunması təmin olunmalıdır. Digər işlər isə zərurət yarandıqda, faktiki işin hallarını nəzərə almaqla həyata keçirilə bilər.
b) hadisə yerinə baxışın mərhələləri.
Hadisə yerinə baxış 3 mərhələdən ibarətdir. Bunlara - ilkin tədqiqat, sübutların toplanması və sənədləşdirmə mərhələsi aiddir.
İlkin tədqiqat mərhələsi, tanışlıq prosesinə bənzəyir. Bu zaman istintaq hərəkətini aparan şəxs və digər köməkçi şəxslər hadisə yeri ilə ümumi olaraq tanış olurlar. Bu zaman kənardan ümumi, rahat gözlə görünən hallar təsbit olunur, fotoşəkillər çəkilir, obyektin ətrafında olan digər obyektlər, binalar müəyyən edilir. Bu mərhələ tanışlıq mərhələsi olduğu üçün digər hərəkətlərin aparılması üçün əsas hesab edilir. Bu mərhələ nəticəsində müstəntiq hadisə yerinə baxış üçün müəyyən metodları, planları təşkil edir.
İkinci mərhələ sübutların toplanması mərhələsidir. Bu mərhələdə baxış keçirilir, əşyalar müəyyən edilir, sübutlar aşkar edilir və həmin sübutlar götürülür. Bu zaman həmin obyekt tam və diqqətli şəkildə nəzərdən keçirilir. Müstəntiq özünü cinayətkarın yerinə qoyur və cinayətkarın düşüncəsinə uyğun olaraq hadisə yerində hərəkət edir. Bu zaman bəzi sübutlar vardır ki, onları adi gözlə görmək mümkün olmur. Bu səbəbdən də müstəntiq xüsusi işıqlardan istifadə edərək ayaq izlərini tapmağa çalışmalı, barmaq izlərinin aşkar edilməsi üçün xüsusi məhlullardan istifadə edilməsini təmin etməlidir. Müstəntiq hadisə yerinə baxış zamanı ən xırda, faydasız hesab edilən elementləri unutmamalı, onun cinayətin üstünün açılmasında rolunu xatırlamalıdır. Baxış zamanı tapılan adi bir düymənin belə cinayətin üstünün açılmasında böyük önəmi vardır (praktikada rast gəlinmişdir). Buna baxmayaraq müstəntiq lazımsız, faydasız predmentləri əldə etməməli, sübutların suni olaraq artırılmasına yol verməməlidir. Çünki, bəzi hallarda hadisə yerində elə bir predmentlər tapıla bilər ki, onların cinayətin üstünün açılmasında heç bir faydası yoxdur.
Ən sonuncu mərhələ sənədləşdirmə mərhələsidir. Bu zaman müvafiq protokol tərtib edilir və rəsmiləşdirilir. Bu zaman 236.6-ci maddədə nəzərdə tutulmuş tələblərə əməl edilir. Baxış zamanı müşahidə etmə ardıcıllığı ilə bütün aşkar olunanlar qeyd edilir. Bu zaman müstəntiq çalışmalıdır ki, iki mənalı ifadələrdən istifadə etməsin. Ölçüləri, məsafələri, sxemləri göstərən zaman dəqiq ölçü vahidlərindən istifadə etsin.
c) hadisə yerinə baxışın üsulları.
Hadisə yerinə baxış zamanı müxtəlif üsullardan istifadə edilir ki, bu da baxış aparılan hadisə yerinin tam olaraq nəzərdən keçirilməsinə səbəb olur. Adətən hadisə yerinə baxış zamanı müstəntiq ya kənardan mərkəzə doğru hərəkət edir, ya da mərkəzdən kənara doğru yönəlir. Bu zaman müstəntiq dairəvi (spiral) şəkildə və ya düzünə xətlər üzrə hərəkət edə bilər. Fikrimizcə ən faydalı üsul hadisə yerinin böyüklüyündən asılı olaraq müəyyən parçalara bölünməsidir. Bu zaman müstəntiq hadisə yerini şərti olaraq ən az 4 parçaya bölür və hər parça üzərində xüsusi olaraq baxış aparır. Beləliklə hadisə yerinə baxış zamanı üsulların seçilməsinin məqsədi ondan ibarətdir ki, müstəntiq hadisə yerində olan bütün sübutları aşkar edə bilsin.
d) fərziyələrin irəli sürülməsi.
Müstəntiqin üzərinə düşən digər məsələ isə onun yüksək məntiqə malik olması, baxış zamanı müəyyən fərziyələr irəli sürməsi və məntiq yürütməsidir. Bu zaman müstəntiq cinayət törətmiş şəxsin xarakterini, tapılmış əşyalar ilə cinayətkar arasında olan əlaqəni müəyyən etməli, əşyaların düzülüşünün cinayət ilə, onun törədilməsi halları əlaqəsini aşkar etməlidir. Bu biliklərin əldə edilməsi qaydası xüsusi bir sahə olan və türk ədəbiyyatlarında “çıkarım sanatı” adlanan nəticəni aşkar etmə sahəsində əksini tapmışdır.
Hər bir cinayətin özünə məxsus xarakteristikası və ümumi cinayətlərin ümumi bir xarakterik əlamətləri mövcuddur. Ümumi olaraq bütün cinayətlər müəyyən şəraitdə, vaxt ərzində, müəyyən şəxslərin vasitəsilə, müəyyən üsullar və alət və ya vasitələr ilə həyata keçirilir. Bütün bu əlamətlər isə özlüyündə cinayəti törədən şəxslər barədə müəyyən məlumatlar verir. Bu analiz üsulu bir qədər ekspertizaya bənzəyir. Ekspertiza zamanı hadisə yerindən, zərərçəkmişlərin üzərindən tapılmış nümulərin analiz edilməsi nəticəsində şəxs və ya cinayət haqqında müəyyən əlamətlər əldə edilir. Buna baxmayaraq onları bir-birindən fərqləndirən əsas əlamət ekspertiza metodlarının yüksək elmi əsaslara söykənməsi və ehtimali xarakter daşımamasıdır (bəzi istisnalar, yanlışlıqlar ola bilər). Ehtimali analizi isə statistik, yayılmış faktlara əsaslanır və ehtimali xarakter daşıyır. Onun ehtimali xarakter daşıması faydasız və qeyri-mötəbət olduğu mənasına gəlmir.
Bütün bunlar fikri eksperiment hesab edilir. Bu zaman müəyyən informasiya əldə edilir ki, həmin informasiya mötəbər və ehtimal xarakterli olur. Həmin məlumatların aşkar edilmiş yeni hallardan asılı olaraq dəyişir, yəni dinamikdir. Bu məlumatlar hadisə yerində mövcud olan bütün əşyalardan alına bilər. Bu əslində bir qədər sadə görünsədə (nə aşkar edilirsə, onun əsasında analiz aparılır), digər tərəfdən qəliz ola bilər. Hadisə yerinə baxış zamanı yerdə qan varsa, buna baxmayaraq cinayət aləti yoxdursa, alətin gizlədildiyini, fərqli bir yerə atıldığını, şəxsin özü ilə apardığını və ya tez bir zamanda yox olan bir alət ilə törədildiyini təxmin etmək olar. İntihar hadisəsi zamanı şəxsin özünün intihar etdiyi və ya başqa biri tərəfindən öldürüldüyü aşkar etmək üçün axtarış apararkən stresə qarşı dərman preparatın tapılması şəxsin psixi problemlərinin olduğu göstərə bilər. Bu da onun özünə qəsd etməsini (intihar) təxmin etməyə imkan verə bilər. Bu kimi halların tam olaraq dəqiq araşdırılması vaxt itkisinin qarşını alınmasına və cinayətin aşkar edilməsinə yardımçı ola bilər. Hüquq psixologiyasi dərsiyində onun faydası haqqında belə göstərilir ki, informasiya modeli axtarışın evristik vasitəsidir və bu modelin strukturu ilə şərtlənmiş suallar axtarışı istiqamətləndirir, sistemləşdirir, yeni əldə edilən məlumatlar isə çatışmayan informasiyanın axtarışına yönəldir. Bu sistem cinayət hüququndə fərziyyə olaraq qəbul edilir.
Hadisə yerinə baxış zamanı əldə edilən bütün fərziyələrin doğru olma ehtimalı fərqli ola bilər. Bu səbəbdən həmin ehtimalların yaranma səbəbini müstəntiq özü üçün əsaslandırmalıdır. Bütün bunlardan sonra isə doğru olma ehtimalı yüksək olan fərziyələri sıralamalı və ona uyğun hərəkətə keçməlidir.
Beləliklə bu məlumatlar “nəticə çıxarma sənəti” vasitəsi ilə aşkar edilir. Bu sahənin əsas funksiyası səbəbdən nəticənin əldə edilməsidir. Fərziyələr bizə insanlar, hadisələr haqqında geniş məlumatlar verir. Şəxsin görünüşü, istifadə etdiyi geyimləri, digər əşyalar, xətti, yerimə tərzi və hətda ayaqqabısında olan çirkliyikdən (palçıq) şəxs haqqında, onun harada yaşadığı, nə işlə məşğul olduğu və s. bu kimi məlumatları əldə etmək mümkündür. Bütün bunlar isə öz növbəsində cinayət prosesini daha düzgün aparmağa yardımçı olur. Fərziyələri qurmaq üçün müstəntiqdə məntiq, diqqət, bilik, səbir və yaddaş kimi elementlər öz əksini tapmalıdır.
e) sübutların aşkar edilməsi
Hadisə yerinə baxış zamanı bir çox sübut hesab ediləcək predmentlər aşkar edilir ki, onların əldə edilməsi xüsusi kriminalistik metodlar vasitəsilə əldə edilir. Məsələn, hadisə yerindən aşkar edilən ayaq izləri, əl izləri, qan ləkələri, güllə izləri və s. aydın görünən və adətən vəzifəli şəxslərin ilkin olaraq yönləndiyi predmentlərdir.
Buna baxmayaraq bəzi predmentlər ola bilər ki, onlar müəyyən səbəblərdən diqqətdən kənarda qala bilər, lakin əhəmiyyət dərəcəsinə görə digərlərindən daha əhəmiyyətli ola bilər. Onların diqqətdən kənarda qalmasına səbəb isə həmin əşyalar ilə tez-tez və mütəmadi olaraq rastlaşmamaqdır.
Həmin diqqət edilməli predmentlərdən biri siqaret və siqaretə aid olan hissələrdir. Bunlar kötüklər, kül, alışqan, ağız mayesi və s. aid etmək olar. Əgər hadisə yerindən siqaret kötükləri tapılmışdırsa bu zaman hadisə yerində olan şəxslərin sayını, xarakterini (kötüyü dişləyə, sıxa bilər ki, bu da onun əsəbi olduğuna dəlalət edə bilər), hətda cinsiyyətini və şəxsiyyətini (DNT analizi vasitəsilə) aşkar etmək olar. Deməli bu zaman yalnız siqaret kötüyü deyil, həm də onun üzərində olan ağız mayesi istintaq üçün önəm daşıya bilər. Siqaretin üzərində olan dodaq boyasının izi isə şəxslərdən birinin qadın olduğunu göstərə bilər. Adətən insanlar uzun müddət eyni markaya aid olan siqaretdən istifadə edirlər. Hadisə yerindən tapılmış siqaret markalarının adı ilə dindirməyə çağırılan və ya cinayəti törətməkdə yüksək dərəcədə şüphəli bilinən şəxslərin çəkdiyi siqaretin eyniliyi dəqiq olmasada ehtimali olaraq istintaq üçün əhəmiyyətli ola bilər. Kriminalistik tədqiqatlar zamanı bəzi növlərin analizi zamanı orada predmetə aid olan xüsusi elementlərə daha çox diqqət edirlər. Buna misal kimi daktiloskopik eskpertizanı, trasoloji ekspertizanı demək olar. Daktiloskopik ekspertiza zamanı hər adama olmayan və yalnız şəxsin barmaq izində aşkar edilən hər hansı yara izinin və s. izlərin olması şəxsə xarakterik hal hesab edilir və digər elementlərə diqqət etməməyə səbəb olur. Bu da vaxta qənaət etməyə və sübutların mötəbər olmasına gətirib çıxarır. Ayaqqabı izlərinin tədqiqatı zamanı da buna diqqət edilir və həmin hallar aşkar edildikdə əsasən tədqiqat bitmiş hesab edilir (əlbətdə dəqiqlik üçün digər elementlərə yenə də nəzər edilir). Bu kimi şəxsə xarakterik elementlər siqaret kötüklərinin analizi zamanıda faydalıdır. Həmin fərdi əlamətlərə nümunə kimi siqaret qabının üzərində olan salafanın çıxarılmasını demək olar. Çünki, demək olar ki, heç kəs həmin salafanı çıxarmır. Bundan əlavə siqareti açan zaman onun içində olan kağız hissəni hansı tərəfdən çırdığına diqqət etmək lazımdır. Bundan əlavə siqaret çəkən zaman filter hissəsinə taxılan xüsusi başlıqdan istifadə etmək, xüsusi qoxular əlavə etmək, tütünün sıxlığını azaltmaq üçün içində olan tütünü əli ilə boşaltmaq kimi hallara diqqət edilməlidir.
Digər diqqətdən kənarda qalan obyekt qoxulardır. Belə ki, hadisə yerinə baxış zamanı aşkar edilən qoxuların şəxsin xarakterik xüsusiyyətlərini aşkar etməkdə faydalı ola bilər. İçəridən ətir qoxusunun gəlməsi və dindirməyə çağırılan şəxsin üzərində olan ətir iyi ilə eynilik təşkil etməsi istintaq üçün əhəmiyyət kəsb edə bilər. Çünki, nəyin ki müstəntiq, heç təqsirləndirilən şəxs belə bu faktora xüsusi diqqət etmir və özü də bilmədən xüsusi izlər buraxır.
Fəsil 4. Hadisə yerinə baxışın psixoloji əsasları.
Hadisə yerinə baxış zamanı və ya hadisə yerinə baxışa hazırlaşan zaman müstəntiq xüsusi bacarıqlara malik olmalıdır ki, hadisə yerinə baxış hərəkətini tam və düzgün olaraq apara bilsin. Həmin bacarıqlar yüksək bilik, təcrübə, təşkilatçılıq qabiliyyəti, səbr, həlimlik, diqqət, müsbət əxlaqi xüsusiyyətlər və digərləridir.
Hadisə yerinə baxış zamanı müstəntiq qanunvericiliyin tələblərini tam və aydın şəkildə anlamalı, onları həyata keçirməlidir. Hazırlıq mərhələsində təşkilatçılıq qabiliyyətini ortaya qoymalı və lazım olacaq bütün elementləri təşkil etməlidir.
Hadisə yerinə ətraflı şəkildə baxış keçirmək üçün müstəntiq yüksək müşahidəçilik qabiliyyətinə malik olmalıdır. Bu yalnız hadisə yerinə baxış zamanı deyil, həm də sənədlərə, meyitlərə və s. digər obyektlərə baxış zamanıda mühüm amillərdəndir. Hadisə yerində gördüyü bütün əşyalara diqqətlə nəzər etməli və onların iş üçün əhəmiyyətini aşkar etməlidir. Əhəmiyyətli olan predmentlərin isə götürülməsini təmin etməli və ya götürməlidir. Əgər bu mərhələ olmazsa lazımsız əşyaların götürülməsinə səbəb ola bilər. Bu zaman müstəntiq əşyaların orada olma səbəbini, onun işdə dəyərini müəyyən etməlidir. Onların müəyyən edilməsi də öz növbəsində xüsusi səbrə ehtiyac yaranmasına səbəb olur. Müstəntiq ətrafda olan şəxslər ilə xüsusi əxlaqi göstəricilər ilə, həmliklə münasibət qurmalı, tapşırıq verərkən üzərində təhdid yaratmamalı və əsəbi şəkildə münasibət qurmamalıdır. Bundan əlavə müstəntiq sübutları aşkar etdikdən sonra onların götürülməsinin səliqəli şəkildə aparılmasını təmin etməlidir ki, bu da onların tədqiqində rahatlıq yaranmasına və sübutların mötəbərliyinə təsir edir.
Onuda qeyd etmək lazımdır ki, evdə baxış aparan zaman ev sakinlərinə əvvəlcədən xəbər verilməsin. Müstəntiq hadisə yerinə baxış istintaq hərəkətini ani olaraq həyata keçirməyə çalışmalıdır. Bunun nəticəsində müstəntiq digər şəxslər tərəfindən baxış nəticəsində əldə oluna biləcək sübutların gizlədilməsinin qarşısını almış olur. Əgər iş üçün əhəmiyyətli olan predmentlər gizlədilərsə bu zaman “baxış” istintaq hərəkəti ilə onları aşkar etmək mümkün deyil və onların aşkar edilməsi “axtarış və götürmə” istintaq hərəkəti vasitəsilə həyata keçirilə bilər.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi.
2. Rusiya Federasiyası Cinayət Prosesual Məcəlləsi.
3. Belarusiya Respublikası Cinayət Prosesual Məcəlləsi.
4. Qazaxıstan Respublikası Cinayət Prosesual Məcəlləsi.
5. Qırğızıstan Respublikası Cinayət Prosesual Məcəlləsi.
6. Moldova Respublikası Cinayət Prosesual Məcəlləsi.
7. Türkmənistan Respublikası Cinayət Prosesual Məcəlləsi.
8. Hadisə yerinə baxış zamanı kriminalistika texnikasından istifadə dair metodik vəsait (Baş Prokurorluq).
9. Hüquq psixologiyası - Əkbər Bayramov, Bəxtiyar Əliyev.



