Mən bilirəm necə susur qələmlər Şeir

Mən bilirəm necə susur qələmlər,

Necə əsir boş kağızda boş əllər.

Bir vaxt haray çəkib yanan dəyərlər

Külə döndü həyatıma ələndi.



Səndə düşmən var deyildi nəfstək,

Görən, necə doğdu axı bu istək?!

Dedi, mən də tənha idim sənintək,

Göz yaşlarım yağış oldu, çiləndi.



Tanrı idi zülmət içrə tək sirdaş,

Göz kölgəli qalsın deyə bitdi qaş,

Varlığımdan ürək doğan soyuq daş

Bədbəxtliyin sarğısına bələndi.



Susdu şair, qəm rənginə boyandı,

Duman sərdı, çən rənginə boyandı,

Sözü bitdi, ağrıları oyandı,

Öz özünün sərhədinə dirəndi...



Mən bilirəm necə susur qələmlər,

Necə əsir boş kağızda boş əllər...
+1
Şərh əlavə et

Şərh Yaz