Mənim həyatım

Elnur Rəsuloğlu (Əliyev)

Aprelin axrıydı, son günləriydi.
Hava isti idi, səma tərtəmiz.
Günəş göydən yerə od ələyirdi
Kədərdən xəbərsiz, qəmdən xəbərsiz.

Mən isə bu zaman tərimi silib
Yolda deyinirdim: “Ürək dayanır.
Elə bil göylə yer baş-başa verib,
Göy kimi od tutub yerlər də yanır”.

Hər tərəf yaşıllıq. Yollar boyunca,
Gör ağcaqayınlar necə əkilib.
Onların altında otrub doyunca,
Kölgəsində neçə yolçu dincəlib.

Ağcaqayınların altında yenə
Yolçular oturub nəfəsin dərir.
Oturmaq ar gəlir bəzilərinə,
Ayaq üstə durub nəfəsin dərir.

Danışa bilsəydi, ağcaqayınlar
Bizə keçmişlərdən söhbət açardı.
Bil, dilə gəlsəydi, ağcaqayınlar
Burdan keçmişlərdən söhbət açardı.

Mən bir saatdan da artıq yoldayam,
Bitib-tükənməyir uzanan yollar.
Döngəni dönürəm, sağ yox, soldayam,
Qurtarmaq bilməyir uzanan yollar.

Gör nə qədər yol var qarşıda hələ,
Bəli, mən bu yolda daha yolçuyam.
Başqası görünmür, nədəndir belə,
Yoxsa mən bu yolda tənha yolçuyam?

Hər yerə arxamca kölgəm sürünür,
Nədənsə canımı bürüyüb təlaş.
Köksümdə ürəyim tez-tez döyünür,
Fikirlərim mənə olubdur yoldaş.

Məncə, olsa da düz, əyri-üyrü də,
Yollar hey uzanan qollara bənzər.
Yer üzündə hər bir insan ömrü də,
Sonu bilinməyən yollara bənzər.

Məktəb yollarına ayaq basanda,
Elə bil yenidən uşaqlaşıram.
Uşaq səslərinə qulaq asanda,
Dərdimdən, qəmimdən uzaqlaşıram.

Bir anlığa anıb o illəri mən,
Ömür kitabımı varaqlayıram.
Məndən sonra gələn nəsilləri mən,
Həyat yollarında soraqlayıram.

Bu həyat yolları çətindən çətin,
Gərəkdir bu yolda mübariz olmaq.
Zəiflik göstərsən, olmasan mətin,
Sənin qismətindir qul, kəniz olmaq.

Qulaqları səsdə, gözləri yolda,
Vətən torpaqları çağırır bizi.
Vətən bir ağacdır, onda bu halda,
Qurdlar içimizdən dağıdır bizi.

Hardandır bizlərdə, hardandır yadlıq,
Doğma qardaşıma necə “yad” deyim?
Kədərli günümdə düzəldib şadlıq,
Bayram libasımı mən necə geyim?

Yurddaşlarım köçkün, qaçqın, didərgin,
Qarabağdan sürgün ediblər bizi.
Danışa bilmirəm, əsəbim gərgin,
Öz əllərimizlə didiblər bizi.

Öz əllərimizlə yıxıblar bizi,
Nə vaxt bütöv yumruq olacağıq biz?
Çoxdandır bir küncə sıxıblar bizi,
Axırda vətənsiz qalacağıq biz.

Havanın axını güclənir birdən,
Nəğmə deyib əsir isti küləklər.
Bir baxın, bir baxın, cənub tərəfdən,
Buraya tələsir isti küləklər.

Burda hakim olmuş isti küləklər,
Yuxudan oyatdı tozu, torpağı.
Əsib cana doymuş isti küləklər,
Qaldırıb oynatdı tozu, torpağı.

İsti küləklərin dövrü az oldu,
Taca zorla sahib olanlar kimi.
İsti küləklərin ömrü az oldu,
Şayiələr kimi, yalanlar kimi.

Artıq mənə oxşar otağımdayam,
Özüm kimi sadə, çilliçıraqban.
Özümə söz verib dedim: “Yazacam,
Başıma gələndən, öz həyatımdan”.
+2

Şərhlər 3

Admin Tarix 3 sentyabr 2018 03:08
Çox gözəl şeirdir
--------------------
Beydı
Elnur Resuloglu
Elnur Resuloglu Tarix 9 oktyabr 2018 00:02
Salam. Mən sayta daxil ola bilmirəm.
Admin Tarix 9 oktyabr 2018 11:42
Sitat: Elnur Resuloglu
Salam. Mən sayta daxil ola bilmirəm.

Əlaqə saxlayin
--------------------
Beydı
Şərh əlavə et

Şərh Yaz