Bükülmüş kağız kimi

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...
Bükülüb atılmış kağız kimiyəm,

Sözlərim tökülür qıraq-bucaqdan.

Əzilmiş ciyərim boğulur, umur

Bir udum nəfəsi titrək dodaqdan.



Bürüşmüş ürəyim sığışa bilmir

Dikəlib qatını açmaq istəyir,

O ki təkbaşına yaşadan idi...

Daha təkbaşına çalışa bilmir.



Çəkir kələf kimi dolaşıb qalmış

Nökər tək əyilmiş şah damarımı

Bəlkə kəmənd edib boynuna ata

Qəddini düzəldə şax damarımın?..



Gözlərim yumulur büküşlərimdə

Kirpiyim ox kimi sancılıb qalıb,

Sıxılmış ovcumun naçar ünvanı

Yenə onu bükən Allaha qalıb.

..Şəfiqə Şəfa..

Şərh Yaz