"Haqlı və kəskin mövqeyiniz qələbəyə inamımızı daha da artırdı" - Vətəndaşlar Prezidentə yazır

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı məktublar yazılır.
Sayt.biz publika.aza istinadən xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.
Məktubların bəzilərini təqdim edirik:
"Möhtərəm cənab Prezident.
Bu gün Azərbaycanımızın şanlı əsgərləri əzəli-əbədi torpaqlarımıza soxulan erməni qaniçənlərinə sarsıdıcı zərbələr endirir. Torpaqlarımız 30 illik işğaldan azad edilir. Ordumuzun mətinliyi, igidlərimizin vətənpərvərliyi bizləri sevindirir. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Erməni faşistləri düşünürdülər ki, illər keçdikcə Qarabağ torpaqları azərbaycanlıların yadından çıxacaq. Ağıllarına gətirmirdilər ki, əksinə Qarabağ sevgisi, Vətən sevgisi bu 30 ildə xalqımızın qəlbində məşələ çevriləcəkdir. Düşünmürdülər ki, oğullarımız müharibəyə toya-bayrama gedər kimi ruh yüksəkliyi ilə, Qələbə əzmi ilə gedəcəklər.
Cənab Prezident, Siz erməniləri xəbərdar etmişdiniz və bildirmişdiniz ki, əgər onlar bizə hücum etsələr, peşman olacaqlar.
Bu gün Sizin Vətənimizin bütövlüyü, xalqımızın rifahı üçün apardığınız bütün siyasəti dəstəkləyirik. Bir nəfər kimi ətrafınızdayıq.
Cənab Ali Baş Komandanımız, bütün xalqımız Sizin yanınızdadır.
Qələbə bizimdir, Vətən bizimdir. İrəli, Azərbaycan əsgəri!
Əziz Prezidentimiz, Uca Tanrım Sizi və əsgərlərimizi qorusun".
Hörmətlə, Elmira Hacıyeva
Əsgər anası
Azərbaycan Respublikası, Zaqatala şəhəri.
 
"Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Artıq bir neçə gündür ki, təcavüzkar Ermənistan xislətinə uyğun işğalçılıq siyasətini davam etdirərək yeni ərazilər qəsb etmək məqsədilə bütün cəbhə boyu hücuma keçməyə cəhd göstərir, beynəlxalq humanitar hüquq normalarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iriçaplı artilleriyadan atəşə tutur. Düşmənin xain hücumlarının qarşısını almaq, təhlükəsizliyimizi təmin etmək məqsədilə Sizin rəhbərliyinizlə bütün cəbhə boyu əks-hücuma keçən müzəffər Azərbaycan Ordusu tərəfindən erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınır, düşmənə adekvat cavab verilir. Ordumuz tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək, düşmənə sarsıdıcı zərbələr endirir.
Fərəhli haldır ki, xalqımız hər gün, hər saat uzun illər ərzində işğal altında qalan ərazilərimizin, yaşayış məntəqələrinin işğaldan azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi barədə rəsmi qələbə xəbərləri alaraq bu zəfərlərin qürur və sevincini yaşayır.
Xüsusilə, Sizin xalqımıza müraciətiniz, BMT-nin 75 illiyinə həsr edilmiş iclasda dərin məzmunlu çıxışınız və Rusiyanın “Rossiya 1” telekanalına verdiyiniz müsahibənizdə səsləndirdiyiniz fikirlər, haqlı və kəskin mövqeyiniz bizdə Böyük Qələbəyə inamımızı daha da artırıb.
Bu gün ölkəmizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı tam olaraq işğaldan azad etmək üçün tarixi bir məqam yetişib. Bilirik ki, bu şansı əldən verməmək üçün bizə birlik və həmrəylik hər şeydən vacibdir. Bu gün hər bir Azərbaycan vətəndaşı rəşadətli və yenilməz Silahlı Qüvvələrimizin, Sizin ətrafınızda daha sıx birləşərək həmişəkindən daha güclü birlik və həmrəylik nümayiş etdirir.
Cənab Ali Baş Komandan, bizə bu xoş günləri yaşatdığınıza görə Sizə Bakı Dövlət Universiteti ailəsi adından hədsiz təşəkkür edirik. Sizin hər bir əmrinizi layiqincə yerinə yetirməyə, Böyük Qələbəyə nail olunması naminə dövlətimizə və ordumuza hər cür dəstək verməyə hər an hazırıq.
İnanırıq ki, Sizin rəhbərliyinizlə biz mütləq qalib gələcəyik!
Əminik ki, o gün uzaqda deyil.
Allah Sizi və rəşadətli Ordumuzu qorusun!"
Dərin hörmət və ehtiramla, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından rektor Elçin Babayev
Azərbaycan Respublikası, Bakı şəhəri
 
"Möhtərəm cənab Prezident.
Sizə hərbçi ailəsi olaraq öz təşəkkürümü bildirmək istəyirəm. Siz daim xalqın qayğısına qalan, hər bir vətəndaş üçün narahat olan Prezidentsiniz. Çətin zaman kəsiyində olmağımıza rəğmən inanıram ki, Sizin təşkilatçılığınızla hər bir çətinliyin öhdəsindən gələcəyik.
Fəxr edirəm ki, həyat yoldaşım Azərbaycan Respublikasının şanlı ordusunda xidmət edir. Sizin verdiyiniz hər bir qərar bizim üçün qanundur. Allah Sizi, əsgərlərimizi, zabitlərimizi və xalqımızı qorusun. Amin".
Hörmətlə, Osmanova Səba Vüqar qızı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
 
"Hörmətli cənab Prezident.
Biz Sizinlə fəxr edirik. Cəbhədə baş verən bu döyüş günlərində Sizə, Ordumuza və xalqımıza qələbə, zəfər arzu edirəm. Artıq biz bunun ilk soraqlarını alırıq. Şanlı və rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir.
Cənab Prezident, Qələbəyə doğru gedən yolda Sizin yanınızdayıq. Allah Sizi qorusun".
Hörmətlə, Cəlilov Niyaz Şıxəli oğlu və Yusibov Ərəstun Səməd oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
 
"Möhtərəm cənab Prezident.
Mən Qarabağ müharibəsi veteranıyam, müxtəlif bölgələrdə vuruşmuşam. Milli Ordumuzun qeyrətli övladlarının Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatına qarşı sentyabrın 27-30 tarixlərində layiqli cavabları məni keçmiş hərbçi kimi ürəkdən sevindirir. Mən tam əminəm ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində biz böyük Qələbəyə nail olacağıq.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, şanlı Milli Ordumuzun daha da qüvvətlənməsi naminə yeni-yeni uğurlar diləyirəm".
Hörmətlə, Elçin Atayev
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, ehtiyatda olan mayor
Azərbaycan Respublikası, Gəncə şəhəri.
 
"Möhtərəm cənab Prezident.
Düşmən təxribatına əks hücumla cavab verilməsi haqqında ali əmrinizi dəstəkləyirəm. Gün olsun ki, xalqımıza Qələbə müjdəsi verəsiniz. Xalq Sizi alqışlayır. Sevincdən gözlərimiz dolub.
Yaşlı olmağıma baxmayaraq, mən də Ordumuza bu dar gündə kömək etmək istəyindəyəm. Müəllim kimi cəbhədə yaxşı təbliğatçı ola bilərəm. Əmr olduğu halda, cəbhəyə getməyə hazıram".
Hörmətlə, Hüseynov Bəhlul Baloğlan oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Sinovli kəndi.
 
"Möhtərəm cənab Prezident.
Ali Baş Komandan kimi rəhbərliyinizlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə başlanması biz yaşlı nəslin nümayəndələrini də ürəkdən sevindirir. İnanırıq ki, uzun illərdən bəri istər ölkəmizin inkişafı, istərsə də ordu quruculuğu istiqamətində yorulmaz fəaliyyətiniz artıq öz bəhrəsini verdi.
Dəfələrlə vurğuladığınız kimi xalqımızın haqq işi Qələbə çalacaq. Siz zəfər bayrağını Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucaldacaqsınız. Bu taleyüklü məsələnin həlli naminə yorulmaz fəaliyyətiniz xalqımızı bir daha ətrafınızda səfərbər edərək daha da sıx birləşdirdi.
Sizinlə qürur duyur, fəxr edirik. Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Qəti inanırıq ki, rəhbərliyinizlə ordumuzun həyata keçirdiyi bu müqəddəs iş nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. 30 ildən çox bir müddətdə ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər.
Allah bu müqəddəs işdə Sizə yar olsun".
Hörmətlə, İsmayılov Ağayar Soltan oğlu
Laçın rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Laçın rayonu.
 
"Hörmətli cənab Prezident.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığınız qətiyyətli siyasətə görə Sizə öz adımızdan və ailələrimiz adından minnətdarlığımızı bildiririk.
Ən böyük arzumuz Qarabağın azad edilməsidir. Sizə və Ordumuza bu yolda uğurlar arzulayırıq. İnşallah, Sizin və Ordumuzun sayəsində Qələbə bizimlə olacaqdır. Allah hər birimizə Şuşada Azərbaycan Bayrağının dalğalanmasını görməyi nəsib etsin".
Hörmətlə, Həsənov Zabit Mustafa oğlu, Musayeva Sevinc Tofiq qızı, 
Azərbaycan Respublikası, Şəki şəhəri.
 
"Hörmətli cənab Prezident.
Sizin sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarına verdiyiniz məntiqli, müdrik, əsaslandırılmış və əsl siyasətçiyə xas cavablarınız Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivində qürur hissi oyatmışdır. Bunun əksinə olaraq, siyasi baxımdan savadsız və yalançı Paşinyanın verdikləri izahlar nə qədər də gülünc və əsassız idi.
Biz bir daha əmin olduq ki, Sizin rəhbərliyinizlə tezliklə mənfur düşmənə qalib gələcəyik. O gün uzaqda deyil. Haqq bizim tərəfdədir. Biz Sizin yanınızdayıq. Sizin müstəqil Azərbaycan naminə bütün addımlarınızı bəyənir və dəstəkləyirik".
Hörmətlə, Əliyev Baldadaş Ayəddin oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
 
"Cənab Prezidentimiz.
Sizi Ali Baş Komandanı olduğunuz Ordumuzun zəfər yürüşləri münasibətilə təbrik edirəm. Bu qürurlu günlərdə şəhid və yaralı əsgərlərimiz haqqında məlumatlara Sizin qədər biz də kədərlənirik. Nəzərinizə çatdırıram ki, mən bir keçmiş döyüşçü kimi özümü keçmişin yox, bu günün əsgəri sayıram və əlimdə silah daim döyüşə getməyə hazıram. Təki Vətənim mənfur düşmənlərimizdən təmizlənsin. Uca Allahdan bunları arzulayıram".
Hörmətlə, Müzəffər Müzəffərov
Azərbaycan Respublikası, Bakı şəhəri.

Şərhlər 2

Offline
_angel_ 1 oktyabr 2020 16:09
Sitat: Admin
Allah bütün əsgərlərimizi qorusun amin

Amin İnşAllah.Allahım özü kömək olsun
Offline
Admin 1 oktyabr 2020 16:02
Allah bütün əsgərlərimizi qorusun amin
--------------------
Beydi

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz