Rövşən Əkbərovun 20 il əvvəl törətdiyi cinayətin TƏFƏRRÜATI

17-Mar, 12;46 _angel_ 85
Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.
Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılıb. Aparılan iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 2001-ci il mayın 31-dən 2001-ci il iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək, sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib. Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir./Oxu.az